26.06.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Evlərin təmir xərcləri artıb – mənzil sahibləri çətin seçim qarşısında

25 iyn 2025 10:00
İQTİSADİYYAT
ads
Advertisement

Azərbaycanda son illər müşahidə olunan qiymət artımı təkcə ərzaq və xidmət sektorunda deyil, tikinti və mənzil təmiri sahəsində də özünü ciddi şəkildə göstərir. Əvvəllər az büdcə ilə həyata keçirilə bilən təmir işləri indi daha çox maliyyə tələb edir. Rəsmi statistika da bu tendensiyanı təsdiqləyir: 2020-2025-ci illər arasında ev təmiri ilə bağlı materialların qiyməti orta hesabla 40-60 faiz, bəzi məhsullarda isə 100 faizədək bahalaşıb.

İndi bir çox ailə üçün mənzildə adi bir otağın boyanması belə əvvəlki kimi sadə və ucuz deyil. Əgər 4-5 il əvvəl 15-20 min manata orta səviyyəli təmir işləri görmək mümkün idisə, bu gün həmin keyfiyyətdə bir təmir üçün 35-50 min manat və daha çox vəsait tələb olunur.

Qiymət artımının səbəbləri moxdur. Tikinti materiallarının qiymətinin yüksəlməsi, enerji daşıyıcılarının bahalaşması, logistika xərclərinin artması və işçi qüvvəsinin daha yüksək əməkhaqqı tələb etməsi təmirin maya dəyərini yüksəldir.

Təmir şirkətinin layihə rəhbəri Cavid Məmmədov Qutb.az-a bildirib ki, hazırda təmir bazarında həm material, həm də işçi qüvvəsi ilə bağlı qiymətlər sürətlə dəyişir: “Artıq adi bir otağın divarlarını boyamaq belə əvvəlki illərlə müqayisədə təxminən 40–50 faiz daha baha başa gəlir. Məsələn, bir otağın kosmetik təmirinə 5000 manat bəs edirdisə, indi bu rəqəm minimum 7–8 min manatdır. Təkcə boya deyil, yapışqan, divar kağızı, alçıpan kimi məhsulların qiymətində də kəskin artım müşahidə edirik.”

Onun sözlərinə görə, parket və döşəmə örtükləri üzrə artım xüsusilə nəzərəçarpacaq dərəcədədir. 2020-ci ildə bir kvadratmetri 21-22 manata satılan keyfiyyətli parket indi bəzi markalarda 40-45 manata qədər yüksəlib.

2020-2024-cü illər ərzində Azərbaycanda təmir və inşaat materiallarının qiymətlərində nəzərəçarpacaq artım baş verib. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 1 litr boyanın qiyməti 5,81 manatdan 7,21 manata yüksəlib. Eyni dövrdə bir rulon divar kağızı 16,57 manatdan 22,58 manata qədər bahalaşıb. Yapışqanın (1 kq) qiyməti 19,89 manatdan 25,46 manata çatıb. Parket döşəməsinin bir kvadratmetri əvvəl 21,38 manat olduğu halda indi ikiqat artaraq 41,38 manata qalxıb.

Santexnika məhsullarında da ciddi qiymət artımı müşahidə olunub. Məsələn, vanna 207,42 manatdan 304,69 manata, unitaz isə 111,82 manatdan 138,44 manata qədər bahalaşıb. Bundan əlavə, tikinti və örtük materiallarında da artım qeydə alınıb. Alçıpanın bir kvadratmetri 3,79 manatdan 5,48 manata, pəncərə şüşəsinin isə 13,49 manatdan 16,65 manata qədər yüksəlib.

Artıq bir çox mənzil sahibləri təmir işlərini ya təxirə salır, ya da daha minimal dəyişikliklərlə kifayətlənməyə çalışır. Cavid Məmmədovun sözlərinə görə, bəzi müştərilər hətta əvvəlcədən planlaşdırılmış təmir paketlərindən vaz keçərək, yalnız zəruri işlərlə kifayətlənir. “İnsanlar büdcəni qorumağa çalışır. Əvvəl tam mənzil təmiri istəyirdilərsə, indi sadəcə bir otaq və ya sanitar qovşağın təmirini seçirlər. Digər sahələri sonraya saxlayırlar.”

Mövcud iqtisadi reallıq göstərir ki, ev təmiri artıq bir çox ailə üçün lüks xərclər siyahısına daxil olub. Qiymət artımları davam edərsə, yaxın illərdə mənzil təmiri  geniş əhali üçün əlçatmaz ola  bilər. Mütəxəssislər və təmir şirkətləri vətəndaşlara təmir planlarını erkən mərhələdə hazırlamağı, bazar qiymətlərini izləməyi, mövsümi endirimlərdən istifadə etməyi və materialları toplu şəkildə almağı tövsiyə edirlər.

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur