Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən sonra bu ölkənin prezidenti Məsud Pezeşkianla telefonla danışıb.
Qutb.az xəbər verir ki, Makron bu barədə "X" sosial şəbəkəsində yazıb və vəziyyətin təhlükəli olduğunu bildirib.
Fransa lideri Tehranı nizamlanma üçün diplomatik mexanizmlərə qayıtmaq məqsədilə gərginliyi azaltmağa və maksimum təmkin nümayiş etdirməyə çağırıb.
Pezeşkian isə bildirib ki, ABŞ-nin İran ərazisində yerləşən üç nüvə obyektinə endirdiyi zərbələr cavabsız qalmayacaq.
“ABŞ bizə hücum edib. Siz bu vəziyyətdə olsaydınız, nə edərdiniz? Təbii ki, bu addım cavabsız qalmamalıdır,” – deyə Pezeşkian Makronun çağırışına cavab olaraq bildirib.
Pezeşkian əlavə edib ki, Tehran həmişə danışıqlara açıq olduğunu bəyan edib, lakin “qarşı tərəf İran xalqından təslim olmağı tələb edib”.