Ukrayna Rusiya, ABŞ, Türkiyə və Avropa ölkələrinin liderlərinin iştirakı ilə sammitin keçirilməsini təklif edib. Bu, danışıqların yeni mərhələsi olacaq.
Qutb.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı məlumat verib.
Prezident qeyd edib ki, danışıqlar zamanı fransalı həmkarına İstanbulda Rusiya tərəfi ilə üçüncü görüşün nəticələri barədə məlumat verib.
"Biz yeni məhbus mübadiləsi ilə bağlı razılığa gələ bildik. Avqustun sonuna qədər sammit keçirmək təklifimizə cavab gözləyirik. Avropanın nümayəndələri iştirak etməlidir", - deyə Ukrayna Prezidenti vurğulayıb.
Zelenskinin sözlərinə görə, o, Makronla Ukraynanın Avropaya inteqrasiya yolunu da ətraflı müzakirə edib və yaxın gələcəkdə ilk danışıqlar klasterinin açılmasına imkan verəcək həllərin tapılması üzərində işləmək barədə razılığa gəliblər.
"Ukrayna və Moldovanın sinxron hərəkətə davam etməsi vacibdir. Biz, həmçinin Ukraynanın tam fəaliyyət göstərən antikorrupsiya infrastrukturunun işi haqqında danışdıq", - deyə Zelenski qeyd edib.
Prezident bildirib ki, bununla bağlı qanun layihəsi antikorrupsiya orqanlarının müstəqilliyinə və effektivliyinə zəmanət verir və Rusiyanın onlara təsirinin qarşısını alır.
Xatırladaq ki, iyulun 23-də Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbul danışıqlarının üçüncü raundu keçirilib.