26.07.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Tailand və Kamboca niyə DÖYÜŞÜR...

25 iyl 2025 11:00
DÜNYA
ads
Advertisement

Tailand və Kamboca arasında son on ilin ən gərgin hərbi toqquşmaları başlayıb. Tərəflər bir-birini ağır artilleriya ilə atəşinə tutub, nəticədə azı 16 nəfər həlak olub, on minlərlə insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Qutb.az-ın məlumatına görə, gərginliyin episentrində yenidən qədim Preah Vihear məbədi ətrafındakı mübahisəli ərazilər dayanır.

Münaqişənin kökləri 1907-ci ilə, Fransa tərəfindən çəkilmiş sərhəd xəritəsinə dayanır. Həmin vaxt Kamboca Fransa müstəmləkəsi idi və sərhədin təbii suayırıcı xəttlə müəyyən olunması razılaşdırılmışdı. Lakin Tailand sonradan bu xəritənin legitimliyini qəbul etmədi və 817 kilometrlik sərhədin bir neçə hissəsində mübahisəli ərazilər formalaşdı.

1962-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Preah Vihear məbədinin Kambocaya məxsus olduğunu təsdiqlədi. Lakin bu qərar məbədin ətrafındakı torpaqların statusunu aydınlaşdırmırdı. 2008-ci ildə Kamboca məbədi UNESCO-nun Dünya İrsi Siyahısına salmağa çalışdıqda gərginlik yenidən alovlandı. Həmin dövrdən bəri tərəflər arasında dəfələrlə toqquşmalar baş verib.

2013-cü ildə BƏM qərarını genişləndirərək məbədin ətrafındakı torpaqların da Kambocaya aid olduğunu bildirdi və Tailanddan əsgərlərini oradan çıxarmağı tələb etdi. Buna baxmayaraq, sərhədin bu hissəsində qarşılıqlı etimadsızlıq davam edir.

2024-cü ilin sonunda və 2025-ci ilin əvvəllərində baş verən bəzi hadisələr vəziyyəti daha da gərginləşdirdi. Kambocalıların Tay ərazisində yerləşən Ta Moan Thom məbədində himn oxuması və Tailand hökumətinin Kamboca ilə birlikdə dəniz enerji ehtiyatlarının işlənməsi planı daxildə millətçi dairələrin narazılığına səbəb oldu.

Gərginliyi yumşaltmaq məqsədilə Tailandın baş naziri Thaksin Şinavatranın qızı Paetongtarn Hun Sen ilə telefon danışığı aparsa da, bu təşəbbüs uğursuzluqla nəticələndi. Söhbətin sızdırılması və baş nazirin öz generallarından birini tənqid etməsi ölkə daxilində qalmaqal yaratdı və nəticədə o, 1 iyul tarixində məhkəmə qərarı ilə vəzifəsindən müvəqqəti uzaqlaşdırıldı.

Son döyüşlər isə 28 mayda kambocalı əsgərin həlak olması ilə başladı və 4 iyuldan etibarən sərhəd boyunca şiddətli toqquşmalara çevrildi. Hər iki ölkə ilk atəşi qarşı tərəfin açdığını bildirir. Tailand Kambocanı mülki ərazilərə raket atmaqda ittiham edir, Kamboca isə Tailandı əraziyə təyyarə ilə hücum təşkil etməkdə günahlandırır.

Hazırda Tailandda 130 min insan təhlükəli bölgələrdən təxliyə olunub. Kambocada isə 12 min ailə ön cəbhədən uzaqlaşdırılıb. Diplomatik cəbhədə isə Kamboca BMT Təhlükəsizlik Şurasına müraciət edərək Tailandın “öncədən planlaşdırılmış hərbi təcavüzünü” dayandırmağı tələb edir. Tailand isə problemi yalnız ikitərəfli danışıqlar yolu ilə həll etməyə üstünlük verir, lakin buna yalnız Kamboca hərbi əməliyyatlara son qoyduqdan sonra razı olacağını bildirir.

Ərazi mübahisələrinin həlli üçün 2000-ci ildə yaradılmış Birgə Sərhəd Komissiyası indiyədək real nəticə əldə edə bilməyib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur