Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentin sədri Alen Simonyana “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan və deputat Artsvik Minasyana qarşı cinayət işinin başlanmasına razılıq verilməsi xahişi ilə müraciət göndərib.
Qutb.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan”a parlament sədrinin mətbuat katibi Movses Arutyunyan təsdiqləyib.
Cinayət işi 2010-2015-ci illərdə Sevan Milli Parkına məxsus Qeqarkunik rayonunun Draxtik icmasında 10,5 min kvadratmetr ərazinin qanunsuz mənimsənilməsi barədədir. Ohanyan müdafiə naziri işləyərkən bu ərazini mənimsəməkdə və büdcə vəsaiti hesabına malikanə tikməkdə ittiham olunur.
İstintaqa görə, Artsik Minasyan 2016-2018-ci illərdə təbiəti mühafizə naziri vəzifəsində çalışarkən Ohanyanın əməllərinə hüquqi qiymət verilməsi üçün tədbirlər görməyib. Üstəlik, cinayəti gizlətmək üçün bəzi sənədləri saxtalaşdıraraq Ohanyanla əlaqəsi olan şəxslərə tikintiyə icazə verib.
Seyran Ohanyan 14 aprel 2008 - 3 oktyabr 2016-cı il tarixləri arasında Ermənistanın müdafiə naziri olub. O, Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə, o cümlədən Xocalıda dinc əhaliyə divan tutulmasında fəal iştirak edib və soyqırımının rəhbərlərindən biri olub.
A.Qorxmaz