Azərbaycanın bütün bölgələrinin həyatını işıqlandıran xəbər, multimedia, araşdırma portalı fəaliyyətə başlayıb. 7 aprel 2025-ci il tarixində fəaliyyətə başlayan "Yurd.media" portalının təsisçisi və baş redaktoru jurnalist Murad Əliyevdir.
Xəbər portalında bildirilib ki, Azərbaycan yeni reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur. Hər rayonumuzun, hər kəndimizin bu inkişafda müstəsna rolu olmalıdır. Çünki, son illər ölkədə qeyri-neft sektorunun inkişafına ayrılan diqqət bölgələrin tam həcmdə istifadə olunmayan potensialını üzə çıxarır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın müasir infrastruktur potensialını nəzərə alaraq hər bir rayon investorlar üçün cəlbedici ola bilər, lakin, sadəcə olaraq, oturub bu investisiyaları gözləmək olmaz. "Yurd.media da bölgələrdə həm xarici, həm də yerli investorları maraqlandıracaq iqtisadi imkanları araşdırmaqla bu missiyaya öz tövhəsini verməyi hədəfləyir", - açıqlamada qeyd olunub.
Murad Əliyev Qutb.az-a açıqlamasında bildirib ki, əsas məqsəd bütün ölkəni əhatə etməkdir:
"Əsas niyyətdir. Niyyətimiz isə bütün ölkəni əhatə etməkdir. Qarabağı da əhatə etməyi planlaşdırırıq. Şükür Allaha, günü-gündən Qarabağda insan potensialı artıq formalaşır. Bu gün orada kifayət qədər insan yaşayır. Ona görə də artıq növbəti mərhələdə Qarabağda nümayəndəliyimizin olması nəzərdə tutulur. Hazırda layihə üzərində 20-yə yaxın insan çalışır. Onların da mütləq əksəriyyəti könüllü formada işləyirlər. Hər birimiz inanırıq ki, bu layihə cəmiyyətimiz və dövlətimiz üçün olduqca lazımlıdır. Bu işin bəhrəsini görə biləcəyimizə inanırıq".
Təsisçinin sözlərinə görə, xəbər portalının fəaliyyət istiqaməti tamamilə fərqlidir: "Bizim hədəfimiz sırf bölgələrlə bağlı fərqli kontent hazırlamaqdır. Bölgələrin sosial, iqtisadi,mədəni məsələləri ilə bağlı mənzərini işıqlandırmağı hədəf qoymuşuq. Bunun üçün bölgədə olmalısan. Mənim özüm də şəxsən növbəti mərhələdə baş ofisi bölgədə yaratmağı düşünürəm. Artıq ondan sonra bölgə xəbərlərini işləmək daha rahat olar. Baş ofis gələcəkdə Qarabağda, Gəncədə və ya başqa bölgələrimizdən biri ola bilər. Bölgədə olduqda oranın sosial, iqtisadi, mədəni mühitini tam olaraq işıqlandırmaq daha asan olacaq".
Murad Əliyev bu gündən layihə ilə bağlı danışıqlara, məsləhətləşmələrə başladığını qeyd edib:
"Elə bir məhsul olmalıdır ki, onun üzərindən nəsə danışa biləsən. Bu gün 20-yə yaxın şəxs xəbər istehsalı ilə məşğul olurlar. "Yurd media"nın bir sıra planları, layihələri var. Bu layihələr sırf bölgələrə köklənib. Layihələr gənclərlə və media ilə bağlıdır. Bizim bu layihələrə dəstəyin kifayət qədər geniş olacağını düşünürəm. Bu il mətbuatın 150 illiyi qeyd edilir. Bu da bir stimuldur".
Jurnalist maliyyə məsələsinə də toxunub: "Biz hələ indi işə başlayırıq. Bəzi redaksiyaların 1000-1500 manata danışdığı əməkdaşlar hazırda könüllü işləyirlər. Ona görə də hər birimiz inanırıq ki, bu məsələnin maliyyə tərəfi tədricən düzələcək".