Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.
Qutb.az xəbər verir ki, iclasda sədr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinin verilməsinə görə Həsənov Vaqif Muxtar oğlunu və Əliyeva Fərqanə Kamil qızını, “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilən Hesablama Palatasının əməkdaşları Qasımova Qönçə Əli qızını, Eyvazov Sənan Qəni oğlunu, Əzizov Ramal Rəsul oğlunu, Əfəndiyev Sərdar Nəsrəddin oğlunu təbrik edərək təltifləri təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra iclasda Hesablama Palatasının 2025-ci ilin altı ayı üzrə fəaliyyətinə dair məlumat müzakirə edilib. Müvafiq sənədə kənar dövlət maliyyə nəzarəti tədbirlərinə, həmçinin büdcə prosesində iştiraka dair icmal-statistik məlumatların daxil edildiyi, həmçinin Hesablama Palatasının Strateji Planının icra vəziyyətindən bəhs edildiyi qeyd olunub. Müzakirələrin nəticəsinə əsasən 6 aylıq məlumatın, həmçinin bəzi nəzarət tədbirlərinin nəticələrinin rəsmi internet səhifədə yerləşdirilməsi qərara alınıb.
Daha sonra iclasda 3 nəzarət tədbirinin nəticələrinə dair auditor hesabatları müzakirə edilib. Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul olunub. Eyni zamanda, iclasda 1 nəzarət tədbirinin başlanılması ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.
Sonda gündəlikdə dayanan cari məsələlərə baxılıb.