Əhməd Əhmədovla bağlı Baş Prokurorluqdan açıqlama
“Bakubus sürücüləri sərnişinləri təhlükəyə atır – kim cavab verəcək, Hikmət Qəribov?”
Bakubus avtobus sürücülərinin sərnişinlərə qarşı məsuliyyətsiz davranışı artıq dözülməz həddə çatıb. Görəsən, bu sürücülər işə qəbul olarkən hansı meyarlar əsas götürülür? İctimai nəqliyyat adı altında fəaliyyət göstərən bu avtobuslar, doğrudanmı, ictimaiyyəti nəzərə alır?
Bu sualların cavabı hər gün paytaxt küçələrində yaşanan hadisələrdə açıq görünür. Bu gün mən özüm şəxsən 508 nömrəli, 99-JU-854 dövlət qeydiyyat nişanlı avtobusda baş verən xoşagəlməz hadisə ilə qarşılaşdım. Sürücü avtobusu elə idarə edirdi ki, sanki sükan arxasında peşəkar sürücü yox, sınaq yarışına çıxmış biri oturmuşdu. Bilinmirdi, avtobusdakı insanlar ictimai nəqliyyatda gedir, yoxsa nehrədə çalxalanır.
Kəskin manevrlər, qəfil tormozlamalar və təhlükəli sürüşlər nəticəsində sərnişinlərin həyatına real təhlükə yaranırdı. Daha acınacaqlısı isə sürücünün bu məsuliyyətsizliyinə verdiyi cavab idi. Etirazımı bildirəndə, sürücü tam rahatlıqla “Bəli, yeni sürücüyəm, belə sürürəm, yaxşı eləmişəm, tormoz da verərəm, belə sürürəm!” – deyə cavab verdi. Bu cür münasibət, sanki sərnişinlər ictimai nəqliyyatda deyil , bir təcrübə meydanındaymış kimi hiss etdirirdi.
Bəs belə halların məsuliyyətini kim daşıyır? Həmin sürücü, yoxsa Bakubus rəhbərliyi – Hikmət Qəribov?
Hikmət müəllim, sual sizədir: bu cür sürücülər hansı seçim meyarlarına əsasən işə qəbul olunur? Və əgər bir vətəndaş bu cür məsuliyyətsiz idarəetmə nəticəsində xəsarət alarsa, siz bu hadisəyə hüquqi və vicdani baxımdan cavab verəcəksinizmi?
Qiymətlər artdığı halda, bəlkə bir az da keyfiyyətə diqqət yetirmək vaxtıdır? Sosial şəbəkələrdə tez-tez yayılan avtobus yanmaları, sıxlıq, vaxt intervalının pozulması və sərnişin narazılığı artıq sistemli problemə çevrilib. Bu, Bakubus-un “ictimai nəqliyyat” anlayışını nə qədər ciddiyə aldığını açıq şəkildə göstərir.
Buradan Bakubus-un Mətbuat Xidmətinə rəsmi müraciət edərək bildiririk ki, baş verən hadisə ilə bağlı ictimaiyyətə aydın, rəsmi cavab verilsin. Sərnişinlərin təhlükəsizliyi və rahatlığı bu qədər laqeyd münasibətə layiq deyil.