Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Qutb.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Albaniya xalqı adından və şəxsən öz adımdan Sizə, xalqınıza səmimi təbriklərimi, əmin-amanlıq və firavanlıq arzularımı çatdırıram.
Albaniya Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və ölkələrimiz arasında tərəfdaşlığın inkişafından məmnundur. Qarşılıqlı hörmət və ümumi maraqlar üzərində qurulan münasibətlərimiz davamlı şəkildə inkişaf edir. Tərəfdaşlığımızın dərinləşməsində Sizin mühüm rolunuzu yüksək dəyərləndirir və buna görə minnətdarlığımı bildirirəm.
Əminəm ki, Sizin rəhbərliyiniz altında Albaniya ilə Azərbaycan arasında dostluq daha da möhkəmlənəcək, enerji, turizm və infrastruktur kimi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır.
Cənab Prezident, milli bayramınız münasibətilə Sizə bir daha təbriklərimi və ən xoş arzularımı yetirirəm.
Sizə ən yüksək ehtiramımı ifadə edirəm".
***
İsveçrə Konfederasiyasının Prezidenti Karin Keller-Sutter Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Qutb.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə İsveçrə Federal Şurası və İsveçrə xalqı adından Sizə və həmvətənlərinizə təbriklərimi çatdırıram. Ölkənizə və onun vətəndaşlarına xoşbəxt və uğurlu gələcəklə bağlı ən xoş arzularımı ifadə edirəm.
Mən şadam ki, ölkələrimiz arasında çoxşaxəli əlaqələr davam edir. Əminəm ki, biz bu əlaqələri gələcək illərdə də inkişaf etdirəcəyik.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Qutb.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı səmimi-qəlbdən təbrik edirəm. Sizə, ölkənizə və onun xalqına davamlı uğurlar, rifah və harmoniya arzulayıram.
Bu il Litva ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz ölkələrimizi birləşdirən dostluq əlaqələri ilə qürur duyuruq. Ümid edirəm ki, dialoqumuzu xüsusən də iqtisadiyyat, innovasiya və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq, eləcə də qarşılıqlı anlaşmaya əsaslanan konstruktiv təmaslar vasitəsilə dərinləşdirməkdə davam edəcəyik.
Litva Azərbaycanın müstəqilliyini və suverenliyini ardıcıl surətdə dəstəkləyir. Biz Azərbaycanın Ermənistanla sülhə nail olmaq səylərini dəstəkləyirik və sülh müqaviləsinin mətninin razılaşdırılmasını alqışlayırıq. İnanırıq ki, bu müqavilə tezliklə imzalanacaq və regionda davamlı sülhə zəmin yaradacaq
Ölkələrimizi hələ də ədalət axtarışında olanlara, azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaq məcburiyyətində qalanlara dəstək olmaq üçün ilham və güc mənbəyinə çevrilmiş kədərli tarixi keçmiş birləşdirir. İnanıram ki, Rusiyanın Ukraynada apardığı şiddətli müharibə şəraitində biz qaydalara əsaslanan dünya nizamını müdafiə etməkdə vahid və qətiyyətli olacağıq.
Cənab Prezident, Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı bir daha təbrik edirəm.
Xahiş edirəm, ən xoş arzularımı və dərin hörmətimi qəbul edin".
**
11:44
Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markos Prezident İlham Əliyevə təbrik məktubu yollayıb.
Qutb.az xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Filippin Respublikasının Hökuməti adından Sizi və xalqınızı təbrik edirəm.
Filippin və Azərbaycan sülhpərvər, mütərəqqi və firavan ölkələr kimi ortaq dəyərləri bölüşürlər.
Xalqlarımızın rifahı naminə səy göstərdikcə, qoy, ölkələrimiz arasında tərəfdaşlıq dərinləşməkdə davam etsin!
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Qutb.az xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
İcazə verin, milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını ölkəmizin vətəndaşları adından və şəxsən öz adımdan səmimiyyətlə təbrik edim, firavanlıq və tərəqqi arzularımı çatdırım.
Bu mühüm tarix Azərbaycan Respublikasının beynəlxalq arenada təkcə siyasi sahədə deyil, həm də texnologiya, innovasiya və elm sahələrində qəti addımlarla öz rolunu gücləndirməkdə davam edən əzmkarlığı, suverenliyi və inkişafı ilə əlamətdardır. Tarixlə müasirliyi mükəmməl şəkildə birləşdirən, uzun müddət yaddaşımda qalacaq bir ölkə olan Azərbaycana bu yaxınlarda rəsmi səfərim zamanı buna həqiqətən də əmin oldum.
Bu xoş fürsətdən istifadə edərək, qonaqpərvərliyinizə və ikitərəfli münasibətlərə yeni ruh və məzmun gətirəcəyinə əmin olduğum konstruktiv danışıqlara görə Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirirəm.
Sizin strateji tərəfdaşlığa hazır olmağınızdan ruhlanaraq mən də böyük inamla və nikbinliklə qarşılıqlı maraq doğuran bütün sahələrdə, ilk növbədə enerji, ticarət, təhsil, mədəniyyət və elm sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün səylər göstərəcəyəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar arzulayıram.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımı ifadə edirəm".
***
Tailand Kralı Maha Vaçiralonqkorn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Qutb.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, möhkəm cansağlığı, xoşbəxtlik arzularımı çatdırır, ölkənizə, xalqınıza rifah və firavanlıq diləyirəm.
Diplomatik münasibətlərin qurulduğu otuz ildən artıq müddətdə Tailand və Azərbaycan arasında dostluq əlaqələri, xüsusilə də ticarət, investisiya və turizm sahələrində ikitərəfli əməkdaşlıq inkişaf etmişdir.
Əminəm ki, Zati-alinizin güclü dəstəyi ilə ölkələrimizin və xalqlarımızın rifahı naminə əməkdaşlığımızın genişlənməsi istiqamətində daha çox uğur əldə edəcəyik".
***
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu yollayıb.
Qutb.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi və bütün qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu bayram xalqınızın ümummilli birliyini və yaradıcı ruhunu təcəssüm etdirir, dövlətçiliyin gələcəkdə də möhkəmləndirilməsi və ölkənin davamlı inkişafı baxımından böyük əhəmiyyətə malikdir.
İnanıram ki, Azərbaycan Sizin rəhbərliyinizlə mütərəqqi dövlətin gücünün artırılmasına, həmçinin beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş strategiyanın uğurla həyata keçirilməsini davam etdirəcəkdir.
Sevindirici haldır ki, Qazaxıstan-Azərbaycan münasibətləri çoxəsrlik dostluq əsasında həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda dinamik inkişaf edir.
Əminəm ki, biz çoxtərəfli dövlətlərarası əməkdaşlığın yeni zirvələrə yüksəlməsini təmin edərək birgə səylərlə nailiyyətlərimizi artıracağıq.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə qardaş Azərbaycanın rifahı və tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".
***
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Qutb.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, xalqınıza firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Xorvatiya ilə Azərbaycanı çoxillik əməkdaşlıq və dostluq əlaqələri bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizin inkişafı istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Qutb.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizə və dost Azərbaycan Respublikasının bütün xalqına ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu gün Azərbaycan Sizin uzaqgörən rəhbərliyinizlə inkişaf yolunda ardıcıl şəkildə və qətiyyətlə irəliləyir, ölkənizin beynəlxalq aləmdəki nüfuzu möhkəmlənir.
Tacikistan və Azərbaycanı dostluq və qarşılıqlı hörmətə əsaslanan tarixi ənənələr birləşdirir.
Tacikistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli və ardıcıl inkişafı ölkəmizin xarici siyasət prioritetləri sırasında mühüm yer tutur.
Əminliyimi bildirirəm ki, birgə səylərimiz sayəsində ölkələrimizin malik olduğu böyük potensialdan istifadə etməklə dövlətlərarası münasibətlərimizi bundan sonra da möhkəmləndirəcəyik.
Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar, dost və qardaş Azərbaycan xalqına isə davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram".
***
Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Qutb.az xəbər verir ki, təbrikdə deyilir:
"Möhtərəm İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan milli suverenlik illərində dünya birliyinin tamhüquqlu üzvünə çevrilib, geniş beynəlxalq nüfuz qazanıb.
Respublika bu gün Sizin rəhbərliyinizlə ölkədə siyasi və sosial-iqtisadi sabitliyin möhkəmləndirilməsi istiqamətində kompleks dövlət islahatları yolunda inamla irəliləyir.
Əminəm ki, Sizin çoxşaxəli fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikasının tərəqqisinə və əhalinin rifahının yüksəldilməsinə xidmət edəcək, bizim Müstəqil Dövlətlər Birliyi çərçivəsində məhsuldar əməkdaşlığımız isə möhkəmlənəcək və inkişaf edəcəkdir.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, rifah, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".
***
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Qutb.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident.
Sizi və bütün Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə BP şirkəti adından səmimi-qəlbdən təbrik edirəm.
Otuz ildən artıqdır ki, davam edən uğurlu və məhsuldar əməkdaşlığımızı yüksək dəyərləndirir və ölkənizin dünya səviyyəli layihələrini təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməkdən qürur duyuruq. Bu illər ərzində birgə əldə etdiyimiz nailiyyətlər və qarşılıqlı etimad bizim üçün çox böyük əhəmiyyət kəsb edir.
BP şirkəti olaraq, bu səmərəli tərəfdaşlığın uzun illər davam edəcəyinə və Azərbaycan xalqının rifahının daha da yüksəlməsinə xidmət edəcəyinə inanırıq.
Zati-aliləri, Sizi bu əlamətdar gün münasibətilə bir daha təbrik edir, Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə daimi tərəqqi və inkişaf arzu edirəm”.
***
Koreya Respublikası Prezidentinin səlahiyyətlərini icra edən, Baş nazirin müavini və təhsil naziri Li Cu Ho Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Qutb.az xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Ötən illər ərzində ölkələrimiz arasında güclü əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurulmuşdur. Bu münasibətlərin daha da inkişaf edəcəyinə və xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə ümid edirəm.
Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına davamlı rifah arzu edirəm".
****
İspaniya Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Qutb.az xəbər verir ki, təbrikdə deyilir:
"Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzu edirəm".