Aygün Bəylərin nəşi ata evinə gətirildi
Bəzi vətəndaşlarda rituallara, müxtəlif fallara maraq artıb. Bir çoxları bunu mövhumatın göstəricisi sayır, kimlərsə falların elmi araşdırmalara əsaslandığını deyirlər. Astroloji araşdırmalar aparan bəzi şəxslər də fallar əsasında həyat, peşə analizlərini xüsusi xəritələrlə hazırlayıb sosial şəbəkələrdə paylaşırlar.
İlahiyyatçı Ağa Hacıbəyli mövzu ilə bağlı Qutb.az-a bildirib ki, “falçılıq” sənəti qədimlərdən meydana gəlib.
Onun sözlərinə görə, insanların daxilində olan fitri inam, etiqad hissi nəyəsə bağlanır.
“Yəni Allah inancının yerinə, başqa batil inanclar daxil olur. Nəticədə ulduz, qəhvə, kart falları, (bəzən Qurani-Kərimə də müraciət edilir) müxtəlif səpkidə “inkişaf” etdirilir. Bunlar əsasən “ümid tacirləri”dir ki, insanların psixoloji şəraitindən, qeyri-müəyyən həyat tərzindən istifadə edərək, həmin yollara əl atırlar.
Həmin insanların qapısına gedən şəxslər də onların məşhurlaşmalarına şərait yaradıb. İslam dini fal və ritualların analiz etdiyi bir həyat tərzini qəbul etmir və sərt yanaşır. Qurani-Kərimin ayələrində deyilir ki, qeybi bilən yalnız Allahdır. Bunu heç bir şəxs analiz edə bilməz. İnsan həyatı məchuldur. Allah-Təala bunu gizli sayıb. Falçılıqla məşğul olan şəxsləri də peyğəmbərin dili ilə yasaqlayıb”, -deyə ilahiyyatçı söyləyib.
Ağa Hacıbəyli deyib ki, Qurani-Kərimin Ənam surəsinin 59-cu ayəsində göstərilib ki, qeybi bilən yalnız Allahdır.
“Bununla bağlı ayələr də var. Allah qeyb ilə bağlı hansısa quluna, peyğəmbərinə nələrsə öyrədərsə, o istisnadır. Ümumilikdə, qeyb Allahın elminə daxildir.
Falçılığın, ritualların və digər batil inancların İslam dini ilə heç bir əlaqəsi yoxdur. Təəssüf ki, bəzi müsəlmanlar bu bazarın alıcılarına çevriliblər. Peyğəmbərimiz hədisində deyib ki, “falçıya gedən adam səmadan Məhəmmədə enəni inkar etmiş olur”.
Zərif Sofiyeva