Hikmət Vəliyev vəzifədən azad edildi
Sabah 28 dərəcə isti olacaq
Son 1 ayda Azərbaycan ictimaiyyətində rezonans doğuran daha bir həbslə bağlı məlumat yayılıb. Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb edilib.
Onun Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri üzrə cinayət işi başlanıb.
Bu gün Səbail Rayon Məhkəməsinin qərarı ilə akademik barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Onun yaşı nəzərə alınaraq təcridxanaya salınmadığı ehtimal edilir.
Qeyd edək ki, 87 yaşlı Ramiz Mehdiyev hazırda Təhlükəsizlik Şurasının üzvüdür. O, bu vəzifəyə 2019-cu ildə təyin olunmuşdu.
Qutb.az xatırladır ki, Ramiz Mehdiyevin həbsindən cəmi bir ay öncə ölkə gündəmini silkələyən daha bir qalmaqal yaşanıb. Belə ki, SOCAR-ın keçmiş rəsmisi Adnan Əhmədzadə DTX tərəfindən saxlanılmış və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.
O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. İddialara görə, o, “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqla ölkənin enerji sektorunun etibarlılığına və bazar şəffaflığına ciddi zərbə vurub.
Uzun illər SOCAR-ın rəhbər vəzifələrində çalışan Adnan Əhmədzadə həm ölkə daxilində, həm də xaricdə geniş biznes şəbəkəsinə malik şəxs kimi tanınırdı.
İki həbs arasında əlaqənin olub-olmadığı hələlik məlum deyil...