08.05.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Şuşanın işğal gününü niyə UNUTMAMALIYIQ...

08 may 2025 03:00
GÜNDƏM
ads

Bir xalqın yaddaşı yalnız sevincli günlərlə yazılmır. Tarixin qanla yazılan səhifələri də var ki, onları unutmaq olmaz. Çünki tarix təkcə keçmişin xatirəsi deyil. Tarix həm də millətin yaddaşı, kimliyi və varlığıdır. Və bu yaddaşda bəzi günlər var ki, onları unutmaq sadəcə keçmişi deyil, gələcəyi də itirmək deməkdir.

8 may 1992-ci il – Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın incisı Şuşa şəhərinin işğal günü... Bu tarix bizə yalnız bir şəhərin itirilməsi deyil, həm də bir xalqın qüruruna, ruhuna vurulan ağır zərbədir. Bu günü unutmalıyıqmı?

Xeyr. Unutmaq - o gün şəhid olan döyüşçülərimizin ruhuna biganə qalmaqdır. Unutmaq - hər daşında bir tarix yatan Şuşanın qəlbindəki harayı susdurmaqdır.

Şuşa yalnız bir şəhər deyil. O, Azərbaycan musiqisinin beşiyidir, Üzeyir bəyin, Bülbülün, Natəvanın nəfəs aldığı torpaqdır. Onun hər küçəsində bir tarix yatır. Şuşa Azərbaycanın qürur qalasıdır. Şuşa işğal olunduğu gün bütöv bir xalqın qüruru qəmli bir sükut içində idi. Onun işğalı millətin ruhuna zərbəydi...


O gün evlər dağıldı, insanlar didərgin salındı, min illərlə qorunan abidələr təhqir olundu, məscidlərə donuzlar salındı. Minlərlə insanın uşaqlıq xatirələri, ata-baba yurdları, qəbir daşları məhv edildi. Və bu acını bizə yaşadanlar sadəcə torpağımızı işğal etmədilər, milli kimliyimizi təhqir etməyə çalışdılar.

Şuşa təkcə Azərbaycan üçün deyil, işğalçı Ermənistan üçün də strateji əhəmiyyət daşıyırdı. 

Azərbaycan dövləti Şuşanın əbədi olaraq düşmən tapdağı altında qalması ilə barışa bilməzdi. Barışmadı da...

Bəli, biz bu gün qalibik. 2020-ci ilin 8 noyabrında Şuşaya qovuşduq. Amma qalib xalq olmaq – keçmişi unutmaq deyil, onu unutmadan, dərs çıxararaq daha güclü gələcək qurmaqdır. Şuşanın işğal günü bizə təkcə dərd yox, həm də əzmkarlıq öyrətdi. 8 may bizə bir xalq olaraq birləşməyin, mübarizə aparmağın nə qədər vacib olduğunu göstərdi.


Bu gün biz Şuşanı azad görürüksə, bu, 8 mayın yaddaşımızda əbədi qalması sayəsindədir. Tarix təkcə təqvimdə yazılmır, o, hər birimizin qəlbində həkk olunur. Unutmaq – gələcək işğallara zəmin yaratmaqdır. Yadda saxlamaq isə o tarixlərdən güc alıb yenidən doğulmaqdır.

Şuşanın işğal gününü unutmalıyıqmı? Cavab aydındır: Biz Şuşanın işğal gününü unutmamalıyıq! Hər il bu günü xatırlamalı, gələcək nəsillərə ötürməli, şəhidlərimizi anmalı və öz torpaqlarımıza necə sahib çıxmalı olduğumuzu yenidən dərk etməliyik.

Unutsaq, 30 il torpaq həsrəti ilə yaşayan anaların göz yaşlarını, döyüşlərdə şəhid olan qəhrəmanların ruhunu incitmiş olarıq. Biz Şuşanın işğalını da, azadlığını da yadda saxlamalıyıq. Axı unudulan tarix təkrar edilir. Amma biz bu səhifəni bir daha yaşamamaq üçün onu daim xatırlamalıyıq!

Ə.Qafarlı

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur