14.07.25 | Bakı 24.03° C |
10:06:25
Lent :

Xüsusi icra məmurları haqqında yeni QANUN

14 iyl 2025 12:01
GÜNDƏM
ads

Xüsusi icra məmurları haqqında yeni qanun qəbul ediləcək

Bu qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin (bundan sonra icra sənədləri) icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi (bundan sonra şəhadətnamə) almış fiziki şəxs xüsusi icra məmuru hesab ediləcək.

Qutb.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Xüsusi icra məmurları haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, xüsusi icra məmuru məcburi icra orqanı statusuna malikdir, fəaliyyətini peşəkar əsaslarla həyata keçirəcək. Xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilməyəcək.
Xüsusi icra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmayacaq.

Xüsusi icra məmurunun fəaliyyəti qanunçuluq, ədalətlilik, qərəzsizlik, obyektivlik, icra sənədlərinin icrasının məcburiliyi, məcburi icra tədbirlərinin mütənasibliyi və şəffaflıq prinsiplərinə əsaslanacaq.

Xüsusi icra məmuru peşə fəaliyyətini həyata keçirərkən icra icraatının tərəflərinə (bundan sonra tərəflər), üçüncü şəxslərə hörmətlə yanaşmalı, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən hərəkətlərə (hərəkətsizliyə) yol verməməlidir.

Xüsusi icra məmuru peşə fəaliyyətində normativ hüquqi aktların tələblərinə dəqiq riayət etməlidir. Xüsusi icra məmuru yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxslərin hüquq və azadlıqlarına müdaxilə edə biləcək.

Xüsusi icra məmuru icra icraatı zamanı icra sənədində göstərilmiş tələblərdən kənara çıxa bilməz.
Xüsusi icra məmuru peşə fəaliyyətini həyata keçirərkən yalnız qanuna tabedir. İcra sənədlərinin icrası ilə bağlı dövlət və bələdiyyə orqanlarının, hüquqi və fiziki şəxslərin xüsusi icra məmurunun qanuni fəaliyyətinə müdaxiləsi qadağan ediləcək.

Xüsusi icra məmuru peşə fəaliyyətini həyata keçirərkən şəxsi, ailə, dövlət, peşə, həkim, bank, sığorta, kommersiya və ya vergi sirrini təşkil edən, habelə qiymətli kağız mülkiyyətçilərinə dair məlumatların və digər konfidensial informasiyanın qorunması üçün qanunla nəzərdə tutulmuş tədbirlər görməlidir. Həmin məlumatların əsassız toplanmasına, yayılmasına və onlardan istifadə edilməsinə yol verilməyəcək.

Məcburi icra tədbirləri icra icraatının məqsədinə uyğun olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və tələblərin həcmi baxımından zəruri və səmərəli olmalıdır. Bu tədbirlər tətbiq edilərkən tərəflərin hüquq və qanuni maraqları təmin edilməlidir.

Xüsusi icra məmuru peşə fəaliyyətini qanunla müəyyən edilmiş hədlərdə həyata keçirəcək, sənədlərin və məlumatların tərəflər üçün əlçatanlığını təmin edəcək.

Xüsusi icra məmurunun icra icraatı çərçivəsində qəbul etdiyi qərarlar hüquqi qüvvəsinə görə dövlət icra məmurunun qəbul etdiyi qərarlara bərabər olacaq. İcra sənədlərinin icrası ilə əlaqədar xüsusi icra məmurunun qanuni tələbləri Azərbaycan Respublikasının ərazisində bütün dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olacaq.

Xüsusi icra məmuruna icra sənədlərinin icrası ilə əlaqədar tələb olunan məlumatlar, sənədlər və onların surətləri dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər tərəfindən tam və vaxtında verilməlidir.

Bu qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.
Bu qanunun müddəaları qanun qüvvəyə mindikdən sonra verilən icra sənədlərinin icrasına şamil olunacaq. Bu Qanunun qüvvəyə minməsindən əvvəl verilən icra sənədləri xüsusi icra məmurunun icraatına onun razılığı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi həddən çox olmamaqla yönəldilə biləcək.

Xüsusi icra sistemi Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş mərhələlərdə tətbiq olunacaq.
Bu qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı dövlətin vəzifələri müəyyənləşdirilir.

Qanun layihəsinə əsasən, xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı dövlətin vəzifələri aşağıdakılar olacaq:
-    xüsusi icra məmurlarının fəaliyyəti üçün normativ tənzimlənməni həyata keçirmək;
-    xüsusi icra məmuru olmaq istəyən şəxslərin ilkin icbari hazırlığını, habelə xüsusi icra məmurlarının və onların köməkçilərinin ixtisasının və peşə hazırlığının artırılması məqsədilə təlimləri təşkil etmək;
-    şəhadətnamə almaq istəyən şəxslərlə müsabiqənin keçirilməsini təşkil etmək;
-    Xüsusi İcra Məmurlarının Reyestrini formalaşdırmaq və aparmaq;
-    xüsusi icra məmurunun şəxsi möhürünün, təsdiq qeydi ştamplarının və blankının nümunələrini, nişanının, vahid geyim formasının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirini müəyyən etmək, həmin nişanları vermək;
-    xüsusi icra məmurunun fəaliyyəti ilə bağlı arxiv sənədlərinin mühafizəsi, istifadəsi və dövlət mühafizəsinə təhvil verilməsi məsələlərini həll etmək;
-    müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “Elektron icra” informasiya sistemi vasitəsilə Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunan dövlət və digər informasiya ehtiyatları və sistemlərindən “Fərdi məlumatlar haqqında” Qanunun tələblərinə riayət olunmaqla icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar zəruri olan məlumatların xüsusi icra məmurları tərəfindən real vaxt rejimində əldə olunmasını təmin etmək;
-    xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət etmək;
-    xüsusi icra məmurlarının fəaliyyətini təşviq etmək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Xüsusi icra məmurlarının özünüidarəsi qanunçuluq, şəffaflıq, hesabatlılıq, obyektivlik, ədalətlilik və özünüidarə orqanının qərarlarının xüsusi icra məmurları üçün məcburiliyi prinsiplərinə əsaslanır. Xüsusi icra məmurlarının özünüidarə orqanı Xüsusi İcra Məmurlarının Palatasıdır (bundan sonra - Palata).

Qanun layihəsinə əsasən, Palatanın əsas məqsədi xüsusi icra məmurlarının fəaliyyətinin idarə olunmasında iştirak etmək, xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və bu fəaliyyətə nəzarət olunması sahələrinin inkişafını və təkmilləşdirilməsini təmin etməkdir. Palata xüsusi icra məmurlarının üzvlüyü əsasında yaradılacaq və qeyri-kommersiya hüquqi şəxsi olacaq.

Palata bu qanun və Palatanın Ümumi yığıncağında qəbul edilmiş nizamnaməsi əsasında fəaliyyət göstərəcək.
Palatanın idarə olunması qaydası onun Nizamnaməsi ilə tənzimlənəcək. Palataya Palatanın İdarə Heyətinin sədri, o olmadıqda isə müavini rəhbərlik edəcək.
Palatanın maliyyələşmə mənbələri aşağıdakılar olacaq:
-    Palata üzvlərinin üzvlük haqları;
-    Palata üzvlərinin intizam tənbeh tədbiri kimi cərimə edilməsindən daxilolmalar;
-    ianələr;
-    qanunla qadağan olunmayan digər mənbələr.
Palata üzvlərinin üzvlük haqqının məbləği, onun ödənilməsi müddəti və qaydası Palatanın nizamnaməsi ilə müəyyən olunacaq.
Palatanın aşağıdakı səlahiyyətləri olacaq:
-    xüsusi icra məmurlarının hüquqlarını qorumaq;
-    xüsusi icra məmuru peşəsinin nüfuzunun yüksəldilməsini təmin etmək;
-    müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) xüsusi icra məmurlarının fəaliyyətinin səmərəli təşkilində yardım etmək;
-    xüsusi icra məmurlarının yüksək peşəkarlıq səviyyəsini və inkişafını təmin etmək;
-    xüsusi icra məmurlarının etik davranış qaydalarını təsdiq etmək, xüsusi icra məmurlarının davranışının həmin qaydalara uyğunluğuna nəzarət etmək və onun təhlilini aparmaq, həmin normaların tələblərini pozanlara qarşı tədbirlər görmək;
-    bu qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət etmək;
-    xüsusi icra məmuru olmaq istəyən şəxslərin ilkin icbari hazırlığının təşkilində və onların ixtisasının və peşə hazırlığının artırılmasının təşkilində iştirak etmək, xüsusi icra məmurlarının təlim ehtiyaclarını qiymətləndirmək;
-    xüsusi icra məmurlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təkliflər vermək;
-    icra sənədlərinin icrası sahəsində təcrübənin formalaşdırılması üçün xüsusi icra məmurlarının fəaliyyəti üzrə ümumiləşdirmələr aparmaq;
-    icra sənədlərinin icrası sahəsində beynəlxalq təcrübəni öyrənmək;
-    fəaliyyəti ilə əlaqədar dövlət və bələdiyyə orqanları, onların vəzifəli şəxsləri, beynəlxalq təşkilatlar və hüquqi şəxslərlə əməkdaşlıq etmək, həmin münasibətlərdə xüsusi icra məmurlarını təmsil etmək;
-    Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının (bundan sonra Müsabiqə Komissiyası) və Xüsusi İcra Məmurlarının İntizam Komissiyasının (bundan sonra İntizam Komissiyası) işində iştirak etmək;
-    peşə borclarını nümunəvi yerinə yetirən, uzun müddət qüsursuz və səmərəli fəaliyyət göstərən xüsusi icra məmurlarını mükafatlandırmaq;
-    xüsusi icra məmurlarının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatların yoxlanılmasını təşkil etmək, habelə təsdiq olunmadığı təqdirdə belə məlumatların təkzib olunması üçün tədbirlər görmək;
-    bu qanunda nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.
Palatanın üzvü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi icra məmurunun fəaliyyətinin yoxlanılmasına cəlb oluna biləcək.
Xüsusi icra məmuru Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edildiyi andan Palatanın üzvü olacaq.
Xüsusi icra məmurunun fəaliyyətinə xitam verildikdə onun Palataya üzvlüyünə xitam veriləcək.
Palata öz fəaliyyəti barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) illik hesabat verəcək. Palata daxil olan, icra edilmiş və həllini gözləyən icra işlərinin sayı, onların həllolunma faizi, məcburi icranın yekunlaşdırılmasına sərf olunan orta müddət, məcburi icranın xərcləri barədə məlumatlardan ibarət olan xüsusi icra məmurlarının fəaliyyəti barədə illik hesabatı hazırlayacaq və dərc edəcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Palatanın qanunvericiliyə zidd aktlarına dəyişiklik edilməsini və ya onların ləğv edilməsini tövsiyə edəcək.
Palata xüsusi icra məmurlarının beynəlxalq təşkilatlarına üzv ola biləcək.
Palata dövlət qeydiyyatına alınanadək onun bu qanunla müəyyən edilmiş səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Palata dövlət qeydiyyatına alınanadək xüsusi icra məmurlarının üzvlük haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək və xüsusi icra institutunun məqsədləri üçün istifadə olunacaq.
Palatanın təsisçiləri Reyestrə daxil edilmiş xüsusi icra məmurları olmalıdır. Təsis yığıncağı xüsusi icra məmurlarının sayı 50 (əlli) nəfərə çatdıqda, onların ən azı üçdə ikisinin iştirakı ilə keçiriləcək. 2027-ci il yanvarın 1-dək Reyestrə daxil edilmiş xüsusi icra məmurlarının sayı 50 (əlli) nəfərə çatmazsa, təsis yığıncağı Reyestrə daxil edilmiş xüsusi icra məmurlarının ən azı üçdə ikisinin iştirakı ilə keçiriləcək. İclasa təsis yığıncağında iştirak edən ən yaşlı xüsusi icra məmuru sədrlik edəcək.
Reyestrə 50 (əlli) nəfər xüsusi icra məmuru daxil edildikdən sonra 1 (bir) il müddətində, yaxud 2028-ci il yanvarın 1-dək Palata təsis edilməzsə, təsis yığıncağı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən çağırılacaq.
Palata dövlət qeydiyyatına alındığı andan Reyestrə daxil edilmiş bütün xüsusi icra məmurları onun üzvləri hesab ediləcəklər.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xüsusi icra məmuruna dair tələblər müəyyənləşir.

Qanun layihəsinə əsasən, ali təhsilli və aşağıdakı tələblərinə cavab verən Azərbaycan vətəndaşı xüsusi icra məmuru ola biləcək.
Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, pul öhdəlikləri barədə məhkəmə qərarını yerinə yetirə bilməyən şəxslər, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 5 (beş) il müddətində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, habelə vəzifəsinin icrası ilə bağlı kobud pozuntulara görə hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik, notariat, xüsusi icra məmuru fəaliyyətinə xitam verilmiş şəxslər, ikili vətəndaşlığı olan, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə xüsusi icra məmuru işləməyə qadir olmayan, 65 yaşına çatmış şəxslər xüsusi icra məmuru ola bilməzlər.
Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, xüsusi icra məmuruna sahibkarlıq və digər ödənişli fəaliyyətlə məşğul olmaq qadağan ediləcək. Xüsusi icra məmuru siyasi partiyaya üzv ola və siyasi fəaliyyətlə məşğul ola bilməz. Xüsusi icra məmuru fəaliyyətə başlamazdan əvvəl siyasi partiyanın üzvlüyündən çıxmalıdır.
Yuxarıda müəyyən olunan tələblər xüsusi icra məmurunun köməkçisinə də şamil olunacaq.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Xüsusi İcra Məmurlarının Reyestri (bundan sonra Reyestr) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.

Qanun layihəsinə əsasən, Reyestrdə xüsusi icra məmuru barədə aşağıdakı məlumatlar əks etdiriləcək:
-    xüsusi icra məmurunun soyadı, adı, atasının adı;
-    xüsusi icra məmurunun doğum tarixi (gün, ay, il), fotoşəkli;
-    vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
-    bank hesab nömrələri;
-    ofisinin ünvanı;
-    əlaqə üçün məlumatlar (telefon nömrəsi, elektron poçt ünvanı);
-    şəhadətnamənin və xidməti vəsiqənin verildiyi tarix və nömrəsi;
-    peşə məsuliyyətinin sığortası müqaviləsinin rekvizitləri, müddəti və sığortaçı barədə məlumatlar;
-    fəaliyyəti dayandırıldığı hallarda, bu barədə məlumat (fəaliyyətin nə vaxt və kim tərəfindən dayandırılması);
-    şəhadətnamənin ləğv edildiyi hallarda, bu barədə məlumat (şəhadətnamənin ləğv edildiyi tarix və əsası);
-    intizam məsuliyyətinə cəlb edildiyi hallarda, bu barədə məlumat (intizam tənbehinin növü, nə vaxt və kim tərəfindən verilməsi);
-    köməkçisinin (olduğu halda) soyadı, adı, atasının adı;
-    xüsusi icra məmurunun Reyestrə daxil edildiyi tarix və reyestr nömrəsi.
Fəaliyyətinə xitam verilmiş xüsusi icra məmurları barədə məlumatlar istisna olmaqla, Reyestrə daxil edilmiş məlumatlar açıq informasiyaya aiddir, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdiriləcək və daim yenilənəcək.
Xüsusi icra məmurları Reyestrdə onlar barədə olan məlumatlarda baş vermiş dəyişikliklər haqqında 3 (üç) iş günü müddətində Reyestri aparan orqana məlumat verməlidirlər. Məlumatlarda dəyişikliklər olduqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların təqdim olunduğu gündən sonrakı iş günündən gec olmayaraq yenilənməsi təmin edilməlidir.
Reyestrin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Bundan əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi icra məmurunun şəxsi işi tərtib ediləcək və aparılacaq. Şəxsi işin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Xüsusi icra məmurunun şəxsi işinə onun fərdi məlumatları, şəhadətnamənin verilməsi, fəaliyyəti, şəhadətnamənin ləğv edilməsi ilə əlaqədar olan sənədlər və məlumatlar daxil ediləcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Xüsusi icra məmuru öz fəaliyyətindən əldə etdiyi vəsaitdən qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri, ofisinin saxlanılması xərclərini və fəaliyyəti ilə bağlı digər xərcləri ödədikdən sonra qalan vəsait üzərində müstəqil sərəncam vermək hüququna malik olacaq.

Qanun layihəsinə əsasən, xüsusi icra məmurunun haqqının məbləği müəyyən edilərkən onun özünümaliyyələşdirmə ehtiyacı nəzərə alınmalıdır.
Xüsusi icra məmurunun haqqı standart haqq və əlavə icra haqqından ibarət olacaq. Standart haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, xüsusi icra məmurunun və onun işçilərinin əməyinin ödənilməsi üçün veriləcək. Əlavə icra haqqı qarşılıqlı razılığa əsasən icranın tam və ya qismən təmin olunmasına görə ödəniləcək. Xüsusi icra məmurunun haqlarına dair məlumatlar xüsusi lövhədə xüsusi icra məmurunun ofisində görünən yerdən asılmalı, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və Palatanın rəsmi internet səhifələrində yerləşdirilməlidir.
Xüsusi icra məmurunun standart haqqının hesablanması meyarları və hədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Pul tələbinə dair icra sənədləri üzrə standart haqq tələbkarın xeyrinə tutulmalı olan məbləğlə eyni vaxtda borcludan tutulacaq. Borcludan tutulmuş vəsait standart haqqın və icra sənədi üzrə tələbin tam ödənilməsinə kifayət etmədikdə ilk növbədə standart haqqın ödənilməsinə yönəldiləcək. Pul tələbi olmayan icra sənədləri üzrə standart haqq icra sənədi tam icra olunduqdan sonra borcludan tutulacaq. Birgə borclular standart haqqın ödənilməsi üçün müştərək məsuliyyət daşıyacaqlar.
Xüsusi icra məmuru icra icraatına başlamaq haqqında qərarla eyni vaxtda standart haqqın tutulması barədə qərar çıxaracaq və onu 3 (üç) iş günü müddətində tərəflərə göndərəcək. Həmin qərarda xüsusi icra məmuru standart haqqın məbləğini qeyd edəcək. Standart haqqın tutulması barədə xüsusi icra məmurunun qərarı icra sənədi hesab olunacaq.
Standart haqq borclu tərəfindən ödənilməzsə, xüsusi icra məmuru standart haqqın tutulması barədə qərarını həmin icraat çərçivəsində məcburi icraya yönəldəcək. Xüsusi icra məmurunun fəaliyyətinə xitam verildiyi hallar istisna olmaqla, bu qərarın icrası həmin xüsusi icra məmuru tərəfindən həyata keçiriləcək. Məcburi icra tədbirlərinə baxmayaraq, borcludan tutulması mümkün olmadıqda icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tələbkar tərəfindən ödənilməlidir.
İcra sənədi könüllü icra müddəti bitənədək borclu tərəfindən icra olunarsa, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər istisna olmaqla, borclu standart haqqı ödəməkdən azad ediləcək.
Zərurət olmadan çəkilmiş və əsaslandırılmamış xərclər xüsusi icra məmurunun standart haqqına daxil edilə bilməz. Belə xərclər xüsusi icra məmurunun özünə aid edilir. Standart haqqın tutulması barədə qərardan tərəflər onu əldə etdikləri gündən 10 (on) gün müddətində inzibati qaydada və məhkəməyə şikayət verə biləcəklər. Haqqın qanunsuz tutulması və ya artıq məbləğdə ödənilməsi məhkəmə tərəfindən təsdiq edilərsə, xüsusi icra məmuru bu barədə məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən 10 (on) iş günü müddətində həmin məbləği geri qaytarmalıdır.
Əlavə icra haqqının hesablanması meyarları və hədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Əlavə icra haqqının tələbkar tərəfindən ödənilməsi şərtləri icraata başlanmazdan əvvəl xüsusi icra məmuru ilə tələbkar arasında yazılı razılıqla müəyyən olunacaq. Əlavə icra haqqı icra icraatının bütün müddəti ərzində ödənilə biləcək.
Xüsusi icra məmuru tərəfindən standart haqqın və əlavə haqqın məbləğinin bu Qanuna uyğun olaraq müəyyən edilən hədlərdən artıq müəyyən edilməsinə, əlavə icra haqqının borcludan tutulmasına yol verilməyəcək.
Bundan əlavə, icra icraatına başlamazdan əvvəl standart haqq tələbkar tərəfindən avanslaşdırılmalıdır.
Avansın məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Alimentlərin tutulması, sağlamlığa vurulmuş, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə dəymiş, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbləri, habelə işin məhkəmə baxışında dövlət hesabına hüquqi yardım almış şəxslər istisna olmaqla, tələbkar avans məbləğini ödəmədiyi təqdirdə xüsusi icra məmuru icra icraatına başlamaqdan imtina edəcək.
İcra tədbirlərinin nəticəsində standart haqqın məbləğinin avansdan çox və ya az olmasından asılı olmayaraq, standart haqq borcludan tam tutulduqda avans məbləği tələbkara qaytarılacaq. Standart haqqın məbləği avansdan çox olarsa, standart haqq borcludan qismən tutulduqda avansla cəmlənəcək, standart haqqın tam məbləğini keçən hissə tələbkara qaytarılacaq, standart haqqın borcludan tutulması mümkün olmadıqda isə avans tələbkara qaytarılmayacaq. Standart haqqın məbləği avansdan az olarsa, standart haqq borcludan qismən tutulduqda çatışmayan məbləğ avans hesabına tamamlanacaq və avansdan qalan hissə tələbkara qaytarılacaq, standart haqqın borcludan tutulması mümkün olmadıqda isə avansla standart haqq arasındakı məbləğ fərqi tələbkara qaytarılacaq.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Xüsusi icra məmurları bu qanunun tələblərinin pozulmasına görə qanunla nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar. Xüsusi icra məmuru hüquqazidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində icra icraatının iştirakçılarına və digər şəxslərə vurulmuş ziyanı ödəməyə borclu olacaq.

Qanun layihəsinə əsasən, xüsusi icra məmurları öz fəaliyyətlərində yol verdikləri aşağıdakı intizam pozuntularına görə intizam məsuliyyətinə cəlb olunurlar:
-    peşə sirrinə əməl olunmaması;
-    qanunla müəyyən edilmiş vəzifələrinin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi, səlahiyyətinə aid olmayan tədbirlərin görülməsi;
-    müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya Palatanın xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı qəbul etdiyi qərarların və digər aktların tələblərinə əməl olunmaması;
-    tərəflərə və onların nümayəndələrinə icra işinin materialları ilə tanış olmaq, onlardan çıxarış etmək və həmin sənədlərin surətini çıxarmaq imkanının yaradılmaması;
-    icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı hərəkətsizlik, mütəmadi müddət pozuntuları;
-    icra sənədlərinin icrasından əsassız imtina edilməsi;
-    arxiv sənədlərinin mühafizəsi, istifadəsi və dövlət mühafizəsinə təhvil verilməsi qaydalarının pozulması;
-    kargüzarlıq qaydalarının pozulması;
-    xüsusi icra məmurunun adına ləkə gətirən və ya xüsusi icra məmuru peşəsinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verilməsi;
-    qadağan edilmiş fəaliyyətlə məşğul olunması, etik davranış qaydalarının tələblərinin pozulması;
-    fəaliyyətinin dayandırılması barədə qərarın olmasına baxmayaraq fəaliyyət göstərməsi;
-    icra haqları barədə tərəflərə qəsdən yanlış məlumatların verilməsi, icra haqlarının müəyyən edilmiş məbləğlərdən artıq alınması, yaxud icra haqlarının müəyyən edilmiş məbləğlərdən az olacağını vəd edərək tələbkarların cəlb edilməsi;
-    bank hesablarından istifadə ilə bağlı bu Qanununda, mülki, ödəniş xidmətləri, ödəniş sistemləri və banklar haqqında qanunvericlikdə müəyyən edilmiş tələblərin pozulması, tələbkarlara ödənilməli olan vəsaitlərin icra haqları üçün nəzərdə tutulmuş və ya digər hesaba köçürülməsi və istifadə olunması;
-    peşəyə laqeyd münasibət göstərilməklə ofisdə işin xüsusi icra məmurunun ofisində iş qaydasında müəyyən olunan tələblərə uyğun təşkil edilməməsi;
-    xüsusi icra məmuru statusu əldə etmək üçün müraciət etdiyi və ya şəhadətnamə aldıqdan sonrakı dövrdə xüsusi icra məmuru olmağa mane olan halların qəsdən gizlədilməsi;
-    Palataya üzvlük haqqının ödənilməməsi;
-    səlahiyyətlərinin həyata keçirilməsi üçün tələb olunan sənədlərin surətlərinin və məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Palataya təqdim edilməməsi;
-    fəaliyyətinin monitorinqinə və yoxlanılmasına maneçilik törədilməsi;
-    ixtisasının və peşə hazırlığının artırılması üçün təşkil olunan təlimdə iştirak edilməməsi.
Xüsusi icra məmuru barəsində intizam icraatı İntizam Komissiyası tərəfindən aparılacaq. İntizam Komissiyasının tərkibi və əsasnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək. İntizam Komissiyası 9 (doqquz) üzvdən ibarət tərkibdə fəaliyyət göstərəcək. İntizam Komissiyası 3 (üç) üzvü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), 3 (üç) üzvü Palata və 1 (bir) üzvü Notariat Palatası tərəfindən təyin edilən nümayəndədən, 1 (bir) üzvü Məhkəmə-Hüquq Şurası tərəfindən təyin edilmiş hakim və 1 (bir) üzvü isə Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkildən ibarət tərkibdə formalaşdırılacaq. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Palata və Notariat Palatası öz nümayəndələrini ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə beş ildən artıq iş stajına malik olan şəxslər sırasından, Məhkəmə Hüquq Şurası və Vəkillər Kollegiyası isə öz nümayəndəsini beş ildən artıq iş stajına malik olan hakimlər və vəkillər sırasından təyin edəcəklər. Həmin qurumlar tərəfindən həmçinin ehtiyat üzvlər müəyyən olunacaq.
Xüsusi icra məmuru barəsində intizam icraatına yoxlamanın nəticələrinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya Palatanın təqdimatı əsasında başlanılacaq. Təqdimatın daxil olduğu vaxtdan 20 (iyirmi) iş günündən gec olmayaraq xüsusi icra məmurunun intizam məsuliyyəti məsələsi ilə bağlı İntizam Komissiyasının iclası keçiriləcək. Komissiyasının iclasından ən geci 5 (beş) iş günü əvvəl müvafiq təqdimat İntizam Komissiyasının üzvlərinə veriləcək, habelə intizam məsuliyyəti məsələsinə baxılan xüsusi icra məmuruna alınmasını təsdiq edən istənilən vasitə ilə məlumat göndəriləcək. Xüsusi icra məmuru məlumatı aldıqdan 5 (beş) iş günündən gec olmayaraq intizam icraatının predmetini təşkil edən icra işi materiallarının, habelə məsələ ilə əlaqədar digər sənədlərin surətlərini İntizam Komissiyasına təqdim etməyə borcludur. İntizam Komissiyası təqdimatda göstərilən faktları aydınlaşdırmaq üçün xüsusi icra məmurundan yazılı izahat və sübutlar tələb edə biləcək.
İntizam Komissiyasının iclasına ən geci 3 (üç) iş günü qalmış intizam məsuliyyəti məsələsinə baxılan xüsusi icra məmuruna, təqdimat vermiş quruma və Komissiyanın üzvlərinə iclasın tarixi, vaxtı və yeri barədə məlumat veriləcək. İclasın tarixi, vaxtı və yeri barədə məlumatlandırılmış xüsusi icra məmuru üzrsüz səbəblərdən iclasa gəlmədikdə İntizam Komissiyası məsələyə onun iştirakı olmadan baxacaq. Xüsusi icra məmuru İntizam Komissiyasının iclasında nümayəndəsi vasitəsilə təmsil oluna biləcək. Xüsusi icra məmuru və ya nümayəndəsi istənilən vaxt izahat vermək, habelə sübut təqdim etmək hüququna malik olacaq. İntizam Komissiyası öz təşəbbüsü və ya intizam məsuliyyəti məsələsinə baxılan xüsusi icra məmurunun təklifi əsasında digər şəxsləri iclasa dəvət edərək dinləyə, habelə onlar tərəfindən təqdim olunan materialları tədqiq edə biləcək.
İntizam icraatının predmetini təşkil edən məsələnin eyni zamanda davam edən məhkəmə icraatının predmeti olması aşkar edilərsə, İntizam Komissiyası məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək intizam icraatını dayandıracaq.
İntizam Komissiyasının iclası onun ən azı 6 (altı) üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam Komissiyası öz qərarlarını sadə səs çoxluğu ilə qəbul edəcək. Səslər bərabər olduqda Komissiya sədrinin səsi həlledicidir. İntizam Komissiyası intizam icraatı üzrə sadə səs çoxluğu ilə aşağıdakı qərarlardan birini qəbul edəcək:
-    intizam pozuntusunun müəyyən edilməsi və intizam tənbehlərindən birinin tətbiq edilməsi barədə;
-    intizam pozuntusunun müəyyən edilməməsi və intizam icraatına xitam verilməsi barədə;
-    intizam məsuliyyətinə cəlb etmə müddəti keçərsə, intizam icraatına xitam verilməsi barədə.
İntizam Komissiyası öz qərarının nəticə hissəsini iclas başa çatan gün elan edəcək. Nəticə hissəsi elan edildikdən 3 (üç) iş günü müddətində İntizam Komissiyası əsaslandırılmış qərar tərtib edərək surətini intizam məsuliyyəti məsələsinə baxılan xüsusi icra məmuruna, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Palataya təqdim olunacaq.
İntizam Komissiyasının qərarından xüsusi icra məmuru 30 (otuz) gün müddətində məhkəməyə şikayət verə biləcək.
Pozuntunun ağırlıq dərəcəsindən asılı olaraq xüsusi icra məmuruna İntizam Komissiyası tərəfindən aşağıdakı tənbeh növlərindən biri tətbiq olunacaq:
-    irad tutma;
-    töhmət;
-    şiddətli töhmət;
-    500 manatdan 1 500 manatadək məbləğdə cərimə;
-    şəhadətnamənin ləğvi.
500 manatdan 1 500 manatadək məbləğdə cərimənin tətbiqi üzrə vəsait Palatanın hesabına köçürüləcək. Şəhadətnamənin ləğvi xüsusi icra məmuruna vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verdiyi hüquq pozuntularına görə verilə biləcək.
Şəhadətnamənin ləğvi barədə qərar qəbul edildiyi təqdirdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) 30 (otuz) gün başa çatdıqdan sonra 7 (yeddi) iş günü müdətində şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edəcək. İntizam Komissiyasının qərarından məhkəməyə şikayət verildikdə məsələ həmin şikayət üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra həmin məhkəmə qərarına uyğun həll ediləcək.
İntizam Komissiyası tərəfindən xüsusi icra məmurunun intizam məsuliyyətinə cəlb edilməsi məsələsi həll edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən pozuntunun xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınacaq. Formal olaraq bu qanunda göstərilən pozuntulara uyğun olsa da, tərəflərin və üçüncü şəxslərin hüquqlarını, qanuni mənafelərini, idarəçilik qaydalarını əhəmiyyətsiz dərəcədə pozan hərəkətlərə (hərəkətsizliyə) görə xüsusi icra məmuru intizam məsuliyyətinə cəlb olunmayacaq, ona xəbərdarlıq ediləcək.
Xüsusi icra məmuru intizam məsuliyyətinə pozuntuların aşkar edildiyi gündən 6 (altı) ay, törədildiyi vaxtdan 2 (iki) il keçənədək cəlb ediləcək. Xüsusi icra məmurunun məzuniyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilməyəcək.
İrad tutma, töhmət və şiddətli töhmət intizam tənbehi verildiyi gündən 1 (bir) il müddətində qüvvədə olacaq.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması qaydaları müəyyənləşdirilir.

Qanun layihəsinə əsasən, aşağıdakı hallarda xüsusi icra məmurunun fəaliyyəti dayandırılacaq:
-    1 (bir) aydan az və 6 (altı) aydan çox olmamaqla fasiləsiz olaraq əmək qabiliyyətini itirdikdə;
-    hamiləliyə, doğuşa və ya uşağa qulluğa görə sosial məzuniyyətə çıxdıqda;
-    cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduqda;
-    xüsusi icra məmurunun səlahiyyətlərinin bilavasitə icrasına mane olan bir aydan artıq müddətə davam edən digər hallar mövcud olduqda.
Xüsusi icra məmurunun Palataya üzvlük haqqını, barəsində inzibati tənbeh tədbiri kimi tətbiq edilmiş cəriməni ödəmədiyi, təlimlərdə iştirakdan, peşə məsuliyyətinin sığortası müqaviləsini yeniləməkdən yayındığı hallarda da xüsusi icra məmurunun fəaliyyəti dayandırıla biləcək.
Xüsusi icra məmurunun fəaliyyəti onun dayandırılmasına əsas olan hallar aradan qalxanadək, lakin 6 (altı) aydan çox olmamaqla (bəzi hallar istisna olmaqla) dayandırılacaq. Bu halda yarımçıq qalan icra hərəkətlərini davam etdirmək və digər təşkilati tədbirləri görmək üçün onun müvəqqəti əvəz edilməsi məqsədilə digər xüsusi icra məmuru təyin ediləcək. Ofisin idarə edilməsi üçün zəruri olan bütün avadanlıq, material və digər resurslar müvəqqəti əvəz edən icra məmuruna əlçatan olmalıdır.
Xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması və bununla əlaqədar onun müvəqqəti əvəz edilməsi məqsədilə digər xüsusi icra məmurunun təyin edilməsi, habelə xüsusi icra məmurunun vəzifələrinin icrasına qaytarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması hallarında müvəqqəti əvəz edən xüsusi icra məmuru öz adından fəaliyyət göstərəcək, öz möhürünü, ştamplarını, blanklarını və elektron imzasını tətbiq edəcək, habelə əvəz olunan xüsusi icra məmurunun bank hesablarını idarə etmək hüququ müvəqqəti olaraq ona həvalə ediləcək. Əvəz edən xüsusi icra məmuru öz fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyacaq.
Xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması hallarında müvəqqəti əvəz edən xüsusi icra məmuru əvəz olunan xüsusi icra məmurunun ofisində fəaliyyət göstərəcək, onun işçilərinin fəaliyyətinə rəhbərlik edir, əvəz olunan xüsusi icra məmuru ilə İşçilər arasında bağlanmış müqavilələrə uyğun olaraq işçilərin əməyini, ofisin saxlanılması ilə bağlı digər xərcləri müvafiq icra işlərindən daxil olan aidiyyəti vəsaitlər hesabına ödəyəyəcək. Müvəqqəti əvəz edən xüsusi icra məmurunun səlahiyyət müddəti əvəz olunan xüsusi icra məmuru öz səlahiyyətlərinin icrasına qayıtdıqda, yaxud əvəz edən xüsusi icra məmurunun fəaliyyətini istisna edən qanunla nəzərdə tutulmuş digər hallar baş verdikdə bitəcək.
Bundan əlavə, aşağıdakı hallarda şəhadətnamə ləğv ediləcək və xüsusi icra məmurunun fəaliyyətinə xitam veriləcək:
-    xüsusi icra məmuru tərəfindən şəhadətnamənin ləğvi barədə yazılı ərizə verdikdə;
-    şəhadətnamə almaq üçün təqdim edilən sənədlərdə təhrif olunmuş məlumatlar aşkar olunduqda;
-    and içdikdən sonra 6 (altı) ay müddətində fəaliyyətinin həyata keçirilməsinə başlamadıqda;
-    intizam tənbehi qaydasında;
-    əmək qabiliyyətini fasiləsiz olaraq 6 (altı) aydan çox müddətə tam itirdikdə;
-    Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya daimi yaşayış üçün başqa ölkəyə köçdükdə;
-    fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;
-    barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;
-    məhkum edildikdə;
-    cinayət törətdiyinə görə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verildikdə;
-    tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə xüsusi icra məmuru İşləməyə qadir olmadıqda;
-    65 yaşına çatdıqda;
-    vəfat etdikdə, məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə.

Xüsusi icra məmuru tərəfindən şəhadətnamənin ləğvi barədə yazılı ərizə verdikdə xüsusi icra məmurunun fəaliyyətinə xitam verilməsinə yalnız icrası tamamlanmamış bütün icra işlərinin icraatının tamamlanması, kargüzarlıq sənədlərinin və xüsusi icra məmurunun arxivinin “Milli arxiv fondu haqqında” Qanuna uyğun olaraq dövlət mühafizəsinə təhvil verilməsi şərtilə yol veriləcək.
Xüsusi icra məmurunun fəaliyyətinə xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin əmri ilə rəsmiləşdiriləcək. Əmrin surəti 3 (üç) iş günü müddətində fəaliyyətinə xitam verilmiş xüsusi icra məmuruna və Palataya göndəriləcək. Fəaliyyətinə xitam verilmiş xüsusi icra məmurunun elektron imza sertifikatı, habelə “Elektron icra” informasiya sisteminə giriş imkanı ləğv ediləcək, xidməti vəsiqəsi, möhürü, ştampları və blankları məhv olunacaq, bank hesablarından istifadəsinə xitam veriləcək, bu barədə Reyestrdə qeyd aparılacaq.
Fəaliyyətinə xitam verilmiş xüsusi icra məmurunun sənədlərinin təhvil-təslim işlərini görmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi icra məmuru təyin ediləcək.
Xüsusi icra məmuru təyin olunduğu gündən 1 (bir) ay müddətində aşağıdakı tədbirləri görəcək:
-    tamamlanmamış icra işləri üzrə icraatı icra sənədləri təhvil verilənədək dayandırır;
-    kargüzarlıq sənədlərini və xüsusi icra məmurunun arxivini “Milli arxiv fondu haqqında” Qanuna uyğun olaraq dövlət mühafizəsinə təhvil verəcək.

Tamamlanmamış icra işləri tələbkarın seçimi əsasında xüsusi icra məmuru tərəfindən digər xüsusi icra məmuruna təhvil veriləcək, yaxud istifadə olunmamış avans məbləği ilə birlikdə tələbkara qaytarılacaq.
Xüsusi icra məmurun müvəqqəti əvəz edilməsi, xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması və xüsusi icra məmurunun fəaliyyətinə xitam verilməsi nəzərdə tutulmuş hallarda müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
24.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur