İmtahan nəticələri elan olundu
19 iyun 2025-ci il tarixindən etibarən “Azercell Telekom” fakturasız (SimSim) xətt istifadəçiləri üçün mobil rabitə xidmətlərindən daha rahat və şəffaf şəkildə istifadəni təmin edən yeni tarif mexanizmini tətbiq edir.
Qutb.az xəbər verir ki, yeni qaydalara əsasən, abunəçi balansına tarif haqqı qədər vəsait əlavə etdikdə – misal üçün, 2 AZN – tarif avtomatik olaraq yenilənəcək və nömrə 30 gün müddətində aktiv qalacaq. Bu, təqdim olunan tarifdaxili danışıq və internet resurslarından tam və fasiləsiz istifadə üçün imkan yaradacaq.
Qeyd edək ki, əvvəlki sistemdə nömrənin aktiv qalma müddəti balansa yüklənən məbləğə əsasən müəyyən edilirdi. Müddət bitdikdə balansda istifadə olunmamış resurslar mövcud olsa belə, xidmətlər dayandırılırdı. Məsələn, “Azercellim” və ya “Bölgə” tariflərinə qoşulmuş istifadəçi 2 AZN yüklədikdə nömrə yalnız 10 gün açıq qalırdı. Bu isə tarif daxilində verilmiş və istifadə olunmamış internet və danışıq resurslarından yararlanmağa imkan vermirdi.
Yeni mexanizm bu məhdudiyyəti aradan qaldıraraq istifadəçilərə daha çevik və müştəri yönümlü təcrübə təqdim edir.
Dəyişiklik bütün növ danışıq kartlarına (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) və elektron balans artırma üsullarına şamil olunur. Artıq balansa yükləmə məbləğdən asılı olmayaraq, sadəcə tarif ödənişi etməklə nömrəni tarif müddəti ərzində aktiv saxlamaq mümkün olacaq.
Bu yenilik “Azercell Telekom”un müştəri təcrübəsini təkmilləşdirməyə və abunəçilərə gündəlik rabitə ehtiyaclarına uyğun daha səmərəli xidmətlər təqdim etməyə yönəlmiş strategiyasının bir hissəsidir.