13.08.25 | Bakı 26.03° C |
10:06:25
Lent :

Musiqi və incəsənət məktəblərinə seçim başlayır

13 avq 2025 14:00
MƏDƏNİYYƏT
ads

Avqustun 14-dən Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulunun ixtisas və məktəb seçimi mərhələsinə başlanılır.

Qutb.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Seçim mərhələsi avqustun 21-dək davam edəcək.

Qəbul imtahanında iştirak edərək mümkün 100 baldan 50 və daha yuxarı bal toplamış namizədlər “My Culture” vahid şəxsi kabinet sistemi üzərindən qeydiyyatdan keçdikləri hesab vasitəsilə ixtisas və məktəb seçimi edə bilərlər. Hər bir namizədə 3 ixtisas, hər ixtisas üzrə isə 2 məktəb seçmək imkanı verilir.

Xarici ölkə vətəndaşları müvafiq regional mədəniyyət idarəsinə yaxınlaşıb məktəb və ixtisas seçimi edə biləcəklər.

Qəbul prosesi ödənişsiz təhsil üzrə aşağıdakı yaş hədləri çərçivəsində həyata keçirilir:

Musiqi alətləri ixtisasları üzrə:

- fortepiano, simli alətlər (7 illik təhsil): 6–8 yaş

- fortepiano, simli, nəfəs, zərb və xalq çalğı alətləri (5 illik təhsil): 8–12 yaş

Vokal, estrada oxuma, xanəndəlik və xor ixtisasları üzrə:

- vokal, estrada oxuma və xanəndəlik (5 illik təhsil): 7–11 yaş

- xor ixtisası (7 illik təhsil): 7–10 yaş

Təsviri sənət ixtisasları üzrə:

- rəssamlıq və heykəltəraşlıq (4 illik təhsil): 8–12 yaş

Xoreoqrafiya ixtisası üzrə:

- 5 illik təhsil: 6–10 yaş

11 illik təhsil sistemi üzrə (musiqi və incəsənət məktəbinin 5 və 7-ci sinif bazasından qəbul):

- Minimum yaş: 13 yaş

- Əlavə şərt: Namizəd müvafiq ixtisaslar üzrə incəsənət məktəb və mərkəzlərinin cari və ya ötən ilin məzunu olmalıdır.

Ödənişli əsaslarla təhsil üçün isə minimum yaş hədləri saxlanılmaqla, maksimum yaş 29 olaraq müəyyən edilib.

Qeyd edək ki, qəbul prosesi müsabiqə prinsipi əsasında həyata keçirilir. Namizədlər topladıqları bala uyğun olaraq ixtisaslar üzrə reyting sırası ilə yerləşdirilir və müəyyən olunmuş plan yerləri çərçivəsində qəbul olunurlar. Hər bir ixtisas və məktəb üzrə plan yerə sonuncu qəbul olunan namizədin balı keçid balı hesab edilir. Məktəb və ixtisas seçiminin nəticələri elan olunduqdan sonra namizəd (18 yaşa çatmayanların valideyni və ya qanuni nümayəndəsi) aşağıdakı sənədlərini sistemə yükləyir və sistem üzərindən təhsil alacağını təsdiqləyir:

şəxsiyyət vəsiqəsi;

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi (xarici ölkə vətəndaşları üçün)
sağlamlıq haqqında tibbi arayış;

3x4 sm ölçüdə fotoşəkil;

VIII sinfə qəbul olunanlar üçün musiqi təhsili haqqında şəhadətnamənin surəti, cari tədris ilinin məzunlarına münasibətdə təhsil aldıqları məktəbdən arayış.

Ödənişli təhsilə qəbul olunanlar digər sənədlərlə yanaşı təhsil haqqının ödəniş qəbzini də əlavə etməlidirlər.

Təhsil haqqının aylıq məbləği Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi üzrə 150 AZN, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi üzrə incəsənət məktəblərində 120 AZN, digər regionlar üzrə 100 AZN təşkil edir.

Təhsil haqqı müvafiq bank hesabına köçürülməklə sentyabr-yanvar ayları üçün sentyabr ayının 10-dək (I və VIII sinfə qəbul olunanlar təsdiq üçün sənədlərini yerləşdirdikdə), fevral-iyun ayları üçün fevral ayının 1-dək ödənilir.

Məlumat üçün qeyd edək ki, bu il ilk dəfə olaraq Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərinə 2025/2026-cı tədris ili üzrə təhsilalanların qəbulu vahid elektron sistem üzərindən həyata keçirilib. 25 aprel-25 may tarixlərində elektron sistem üzərindən 18862 müraciət qeydiyyata alınıb, iyun ayında I və VIII siniflərə qəbul imtahanları keçirilib. Qəbul imtahanlarında 16252 namizəd iştirak edib. İmtahanların nəticələri elan edildikdən sonra apelyasiya müraciətlərinə baxılıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
26.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur