Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkə səhifələrində dahi bəstəkar Qara Qarayevin yaşadığı mənzilin satışa çıxarıldığı ilə bağlı xəbərlər yayılıb.
Qutb.az-ın məlumatına görə, bəstəkarın qızı Züleyxa Qarayeva-Bağırova bildirib ki, sözügedən məlumat tam həqiqəti əks etdirmir.
"Bildiririk ki, xəbərdə adıçəkilən mənzil Dahi bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin yaşadığı ev kimi təqdim olunsa da, bu məlumat tam dəqiq deyil.
Məlumatı dəqiqləşdirmək məqsədilə bildiririk ki, həmin mənzil bəstəkara dövlət tərəfindən 1950-ci illərdə verilmiş və Qara Qarayev burada bir neçə il yaşamışdır. Daha sonra bəstəkar başqa ünvana köçmüş, sözügedən mənzildə isə illər ərzində bir neçə ailə məskunlaşmış və sonradan mənzil satılmışdır.
Hazırda Qara Qarayevin əsl yaşadığı və yaradıcılığının mühüm dövrünü keçirdiyi mənzil “Qara Qarayevin ev-muzeyi” kimi fəaliyyət göstərir və dövlət tərəfindən qorunur. Muzeydə bəstəkarın şəxsi əşyaları, sənədləri, musiqi arxivləri və dəyərli eksponatları saxlanılır.
Qara Qarayevin sonuncu mənzili Bakı şəhəri, Bülbül prospekti 21 ünvanında yerləşir. Həmin binada bəstəkarın baraleyfi quraşdırılmış, yaxınlıqda isə onun adını daşıyan park salınmışdır", - açıqlamada bildirilir.