Avstraliyanın Sidney şəhərində baş verən və 16 nəfərin ölümü, 40 nəfərin isə yaralanması ilə nəticələnən terror aktını törədən şəxslərin ata və oğul olduğu açıqlanıb.
Qutb.az xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polis komissarı Məl Lənyon mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, hücumu Sidneynin cənub-qərbində yerləşən Bonniroq bölgəsində yaşayan iki nəfər həyata keçirib.
İstintaqın ilkin məlumatlarına əsasən, 24 yaşlı oğul saxlanılarkən ağır yaralanıb, 50 yaşlı atası isə hadisə zamanı öldürülüb. Hücum Bondi-Biç ərazisində baş verib.
Polis komissarı bildirib ki, hazırda hücumun əvvəlcədən planlaşdırıldığına dair hər hansı sübut yoxdur. Məlumata görə, hücum edən şəxslərdən biri təxminən 10 il ərzində odlu silaha rəsmi lisenziya ilə sahib olub və silahı qanuni şəkildə əldə edib.
Hadisə ilə bağlı istintaq davam etdirilir.