MM-də mühüm müzakirə
Azərbaycanda ilk dəfə xəstənin ürək əzələsinə kök hüceyrələrin transplantasiyası həyata keçirilib. Əməliyyat Bakı Sağlamlıq Mərkəzində baş tutub.
Qutb.az-a açıqlamasında Mərkəzinin ürək-damar cərrahı Vüsal Hacıyev bildirib ki, ağır vəziyyətdə olan, ürək infarktından sonra 20 gün ərzində digər klinikalarda müalicə ala bilməyən xəstə Bakı Sağlamlıq Mərkəzinə müraciət edib.
"Xəstə müraciət etdikdə vəziyyəti olduqca kritik olub və ürək əzələsinin yığılma qabiliyyəti (fraksiya) 15 faizdən də aşağı, ağciyər ödəmi, qaraciyər və böyrək çatışmazlığı, eləcə də qalxanabənzər vəz funksiyasının pozulması qeydə alınıb", - o bildirib.
Həkimin sözlərinə görə, mərkəzdə aparılan müayinələr zamanı xəstədə ciddi ürək damar tıxanıqlığı və ürək əzələsinin genişlənməsi aşkar edilib. O qeyd edib, belə ağır hallarda yüksək riskli açıq ürək əməliyyatlarının aparılması olduqca mürəkkəb hesab olunsa da, mərkəzin bu sahədəki təcrübəsinə əsasən xəstə qəbul edilib.
V.Hacıyevin sözlərinə görə, əməliyyatın unikal cəhəti isə ondan ibarət olub ki, bu dəfə klassik açıq ürək əməliyyatı ilə yanaşı, həm damar daxilinə, həm də birbaşa ürək əzələsinə kök hüceyrələrin transplantasiyası da həyata keçirilib. Bu metod dünya təcrübəsində çox nadir hallarda tətbiq olunur və ilk dəfə olaraq belə ağır vəziyyətdə olan xəstədə iki metodun eyni vaxtda istifadəsi ilə icra olunub:
“Kök hüceyrələr Genetik Ehtiyatlar İnstitutundan əldə olunub və tam sertifikatlaşdırılmış materiallardan istifadə edilib. Hüceyrələrin yetişdirilməsi 4-5 gün çəkib və bu müddətdə xəstə əməliyyata hazırlıq mərhələsinə alınıb.
Cərrahi müdaxilə 3 saat davam edib və texniki baxımdan olduqca mürəkkəb olub. Bu cür əməliyyatların təxminən 40% ölüm riski və 80%-dən çox hallarda reanimasiya müddətinin bir həftədən uzun çəkməsi ehtimalı olsa da, əməliyyat uğurla nəticələnib. Hazırda xəstənin vəziyyəti qənaətbəxş qiymətləndirilir”.
Ürək-damar cərrahı onu da əlavə edib ki, kök hüceyrə transplantasiyasının tam effektivliyi 6-12 ay ərzində özünü göstərir. Bu əməliyyat öz kompleksliyi və tibbi yanaşmanın innovativliyi baxımından dünya praktikasında ilk nümunələrdən biri hesab edilir.
Əməliyyat edilən Mehman Fətəliyev özünü normal hiss etdiyini bildirib.
"Əməliyyat uğurla keçdi. Gələndə cəmi 15 faiz ürək fəaliyyətim vardı. Əməliyyatdan sonra 24 saat reanimasiyada qaldım, daha sonra palataya köçürüldüm. Özümü normal hiss edirəm", - o deyib.