Son vaxtlar Milli Məclis komitə iclaslarının onlayn formatda keçirilməsi tendensiyası müşahidə olunur. Onlayn iclaslar pandemiya dövründən keçirilməyə başlanılıb. Pandemiya ilə əlaqədar qadağalar qüvvədən qalxsa da, onlayn iclaslar davam edir.
Bu vəziyyət, həmçinin, parlament fəaliyyətində distant iştirakın institusional əsaslarını və effektivliyini, jurnalistlərin iclasda iştirak edə bilməməsini gündəmə gətirir.
Qutb.az məsələ ilə bağlı Milli Məclisin komitə sədrləri arasında sorğu keçirib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev bildirib ki, Milli Məclisin komitə iclaslarının bəzən onlayn keçirilməsi təşkilati operativliyin, vaxt resurslarının daha səmərəli istifadə olunmasından qaynaqlanır:
“Komitələrin gündəmi daha sıx olduqda, bu dövrdə deputatların digər rəsmi görüşləri, bölgələrə səfəri olduqda çalışırıq ki, bunlar komitə iclası ilə uzlaşsın. Nəzərə almaq lazımdır ki, texnoloji imkanların istifadəsi sahəsində müzakirələrin fasiləsiz keçirmək imkanı olur. Deputat rayonda da olsa, müəyyən tədbirdə də olsa onlar onlayn komitə iclaslarında iştirak etməsi mümkündür. Eyni zamanda bu sayədə sənədlərin qəbulu, razılaşdırılması daha tez həyata keçirilir və fikir mübadiləsi aparmaq mümkün olur”- deyə deputat bildirib.
A. Nağıyev qeyd edib ki, mühüm qanun layihələrinin geniş müzakirəsi və qanunla əlaqəli olan müxtəlif təşkilatların nümayəndələri müzakirələrə dəvət olunduqda iclaslar ənənəvi formada keçirilməsinə üstünlük verilir.
İclasların onlayn keçirilməsi daimi keçid deyil, işin xarakterindən asılı olaraq operativ yanaşmadan asılıdır:
“Burada məsələnin məxfiliyi də nəzərə alınır. Eyni zamanda bütün açıq iclaslarda jurnalistlərin iştirakı təmin edilir. Onlayn iclaslarda da texniki imkanlar daxilində buna şərait yaratmaq olar. Qeyd edim ki, komitədə müzakirə olunan hər bir layihə xanım sədrin tapşırığı ilə Milli Məclisin saytında dərc olunur”.
İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc da iclasların onlayn keçirilməsini çeviklik və zamanın tələbi kimi qiymətləndirib.
“VI çağırış parlament dövrü dünyada yayılan pandemiya təhlükəsi fonunda rəqəmsal sistemlər yetərincə qlobal mənada çalışmanın əsas platformasına çevrildi. Bir tərəfdən məsafədən, hansısa fiziki iştirak amilini tələb etməməsi, digər tərəfdən qeyd olunduğu kimi texnoloji qurğular vasitəsi ilə təqdimatların, bilavasitə başqa yeniliklər imkanları artırdı. O cümlədən coğrafi olaraq daha geniş məkanlarla əlaqəni genişləndirdi”.
Parlamentin rəsmi saytına baxsanız görəcəksiniz ki yüzlərlə tədbir, görüş, hətta ikitərəfli formatda aparılan danışıqlar, o cümlədən daxili məsələhətləşmələr, iclaslar, bəzən hətta qapalı formatdakı görüşlər də onlayn formada gerçəkləşdirilib:
Zahid Oruc vurğulayıb ki, komitə iclaslarının bu formada keçirilməsi məsələlərin ətraflı müzakirəsinə mane olmur. Əksinə müzakirələrə çox sərbəst qaydada imkan tanıyan formatdır.
“Heç şübhəsiz ki, Qərb ölkələrində hətta məsafədən səs vermə, iclasa qoşulma, proseslərdə iştirak, iclasların keçirilməsi qeyd etdiyimiz formada reallaşır. Media orqanlarının da burada iştirakında məhdudiyyətlərə əsas yoxdur. Əksinə burada imkan daha çoxdur. İnsan hüquqları komitəsi olaraq da, sizin bu çağırışınızı nəzərə alacağıq”- deyə deputat sonda bildirib.
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa iclasların həm onlayn, həm də oflayn keçirildiyini bildirib:
“İclasların bəzilərinin onlayn keçirilməsinə zərurət yarandıqda, - operativlik lazım olduqda, - keçirilir. Amma ən az ayda bir dəfə bütün komitə sədrlərinin rəhbərliyi ilə açıq iclaslar keçirilir”.
Komitə sədri bildirib ki, iclasların onlayn keçirilməsi komitələrdə ciddi məsələlər müzakirəsinə mane olmur: