Alimlər süni intellektin riskləri barədə xəbərdarlıq edib və bu risklərin təkcə iş yerləri ilə məhdudlaşmayaraq qlobal siyasət və iqtisadiyyata da təsir göstərə biləcəyini bildiriblər.
ABŞ-də baş verən bir hadisə isə xüsusi diqqət çəkib. Belə ki, baş verən qətl-intihar hadisəsi ilə bağlı “OpenAI” və “Microsoft”a qarşı məhkəmə iddiası qaldırılıb. Qətlə yetirilən qadının ailəsi iddia edir ki, “ChatGPT” istifadəçisi Steyn-Erik Soelberqin psixi vəziyyətini ağırlaşdıraraq, onu zorakılığa sövq edib.
Kaliforniya Ali Məhkəməsinə təqdim olunan iddiada bildirilir ki, Soelberq aylarla “ChatGPT” ilə ünsiyyətdə olub, süni intellekt onda izlənildiyi və öldürülmək istənildiyi kimi paranoyak düşüncələr formalaşdırıb. Ailənin iddiasına görə, bu hal 2025-ci ilin avqustunda onun 83 yaşlı anasını öldürməsinə və ardından intihar etməsinə səbəb olub.
Şikayətdə “GPT-40” modelinin ruhi xəstəlik əlamətlərini tanımadığı və təhlükəli fikirləri gücləndirdiyi vurğulanır. “OpenAI” işi araşdıracağını bildirib, “Microsoft” isə hələlik şərh verməyib.
İddiada maddi kompensasiya və əlavə təhlükəsizlik tədbirlərinin tətbiqi tələb olunur.
Məhz bu hadisə çoxdan bəri süni intellektin insan psixologiyasına mənfi təsir göstərməsi, eləcə də onu qatil etməsi ilə bağlı fikirləri bir daha gündəmə gətirib.
Maraqlıdır, doğrudan da, süni intellekt insanı qatilə çevirə bilir?
Qutb.az-a açıqlamasında internet texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov bildirib ki, süni intellekt insanın psixologiyasını korlayıb onu intihara sövq, yaxud qatil edə bilməz:
“Tamamilə əsasız ittihamlardır. “ChatGPT” heç zaman şəxsi heç nəyə sövq etmir, o yalnız edilən müraciətlərə cavab yazır. Süni intellekti günahlandırdıqda biz əsas problemdən qırağa çıxırıq. Qətli törədən şəxsi, onun yanındakı adamların, aidiyyəti tibb və sosial orqanların məsələyə məsuliyyətsizliyini qırağa qoyuruq və süni intellekt onu buna sövq etdi, deyirik. Bu isə kifayət qədər əsassız ittihamdır. ABŞ örnəyini nəzərə aldıqda, bu, koorparativ ölkədir, burada əsasən pul əldə etmək üçün belə ittihamlarla məhkəməyə müraciət edirlər. Lakin ümumilikdə bu, əsassız yanaşmadır. Belə olanda onda gərək biz qəza baş verdikdə, avtomobil şirkətini ittiham edək ki, o avtomobili istehsal etməsəydi, qəza da olmazdı. Eləcə də bıçaq və odlu silah istehsalçılarını ittiham etməliyik. Məsələ sadədir, adamın psixoloji durumu problemlidir və qətl törədib. Tarix boyu psixoloji problemi olan şəxslər kitabları oxuyub, filmlərə baxıblar. Onlar kitabdan, yaxud filmdən məlumat alırsa, onda hər hansı kitab və ya film təqsirkar olur?".