18.12.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Ərdoğan anons etdi: Türkiyə Ermənistanla bağlı hansı addımları atacaq?

18 dek 2025 16:00
GÜNDƏM
ads

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı Səfirlər Konfransında çıxışında diqqətçəkən açıqlamalar verib. Türkiyə lideri Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalamağa yaxın olduğunu, Azərbaycanla dialoq apararkən, eyni zamanda Ermənistanla  da normallaşma proseslərini irəlilətdiklərini qeyd edib. 

O vurğulayıb ki, illərdir sülhə həsrət qalan Cənubi Qafqaz bu gün tarixi bir dövrdən keçir və Ermənistanla münasibətlərdə gələn ilin əvvəlindən etibarən bəzi simvolik addımlar atılacaq.

Söhbət hansı simvolik addımlardan gedə bilər?

Qutb.az-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, 2025-ci il kontekstində Azərbaycanla Ermənistan arasında sülh prosesində mühüm və müsbət irəliləyişlər müşahidə olunub və son aylarda atılan addımların yekun sülh sazişini yaxınlaşdırıb:

"Avqustun 8-də Vaşinqtonda sülh mətni paraflanıb, kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı konkret razılaşmalar əldə olunub. Ardınca Azərbaycanın Ermənistanı tranzit baxımdan blokadadan çıxarması strateji və etimadı gücləndirən addım kimi qiymətləndirilib.

Bu proseslər yekun sülh müqaviləsinin imzalanacağı tarixin o qədər də uzaqda olmadığını göstərir. Qardaş Türkiyə Prezidentinin son çıxışları da bu istiqamətdə eyni mesajı verir. Regional və qlobal proseslər, xüsusilə Rusiya–Ukrayna müharibəsi fonunda danışıqların intensivləşməsi Cənubi Qafqazda da sülhün zəruriliyini artırır. Ukraynadakı müharibədən çıxacaq Rusiyanın regionda yenidən təcavüzkar siyasətə qayıtma riski yekun sülh sazişinin daha tez imzalanmasını aktuallaşdırır".

Politoloq mümkün simvolik addımlara da toxunub:

"Razılaşdırılmış “Marqara” sərhəd-keçid məntəqsinin açılması, eləcə də avtomobil nəqliyyatı üzrə kommunikasiyaların bərpası mümkündür. Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırmasından sonra Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyədən Ermənistan üzərindən Azərbaycana və əks istiqamətdə avtomobil əlaqələrinin açılmasına hazır olduqlarını açıqlayıb.

Gürcüstan üzərindən daşımalarla bağlı tariflərin süni şəkildə artırılmasının da alternativ marşrutlara ehtiyacı gücləndirir. Birbaşa Azərbaycan-Ermənistan-Türkiyə nəqliyyat kommunikasiyalarının açılması həm marşrutların şaxələndirilməsi, həm də tərəflərin suveren imkanlarının genişlənməsi baxımından əhəmiyyətlidir. Bu çərçivədə Qazax-Noyemberyan istiqamətində yolların, eləcə də Laçın üzərindən giriş-çıxış imkanlarının müzakirə predmeti ola bilər.

Eləcə də Qars–Gümrü dəmir yolunun bərpası da dəfələrlə gündəmə gəlib və perspektiv məsələ olaraq qalır.  Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi gələn ilin yazına qədər imzalanarsa, Türkiyə və Ermənistan arasında diplomatik missiyaların qarşılıqlı şəkildə açılması da mümkün ola bilər.

Hazırda ciddi maneə yoxdur və əsas şərt Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasıdır. Bu baş verdikdən sonra regionda proseslərin daha da sürətlənəcəyi gözlənilir".

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
165 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur