İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 6578 reyslə 106 minə yaxın sərnişin daşınıb.
Bu barədə Qutb.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, hazırda müntəzəm avtobus reysləri ilə vətəndaşlarımız Bakıdan Şuşa, Laçın, Xankəndi, Ağdam və Xocalıya səfər edə bilərlər. Gəncə, Mingəçevir və Bərdədən də reyslər mövcuddur. Gəncədən Şuşa, Xankəndi və Xocalıya, Mingəçevirdən isə bu istiqamətlərlə yanaşı, Laçına da getmək mümkündür.
Qurumdan verilən məlumata görə, Bərdədən vətəndaşlar Xocalı və Xankəndiyə səfərlər reallaşdıra bilərlər.
“Müntəzəm avtobus reysləri ilə biletlər onlayn qaydada //biletim.az/ portalı üzərindən əldə edilir.
“Biletim.az” portalı və ya mobil tətbiqi üzərindən işğaldan azad edilmiş ərazilərə bilet əldə edərkən Azərbaycan vətəndaşlarına buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur”,- AYNA-dan bildirilib.