Gürcüstan parlamenti çərşənbə günü Seçki Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib.
Qutb.az xəbər verir ki, dəyişikliklərə əsasən, parlament seçkilərində səsvermə yalnız ölkə ərazisində təşkil olunacaq, xaricdə yaşayan Gürcüstan vətəndaşları üçün seçki məntəqələri açılmayacaq.
Qanun layihəsinin müəlliflərindən biri, parlamentin hüquq məsələləri komitəsinin sədri Arçil Qorduladze bildirib ki, 2028-ci ildə keçiriləcək növbəti parlament seçkiləri yalnız Gürcüstan daxilində baş tutacaq. Onun sözlərinə görə, bu qərar xaricdən mümkün müdaxilələrin qarşısını almaq məqsədi daşıyır və ölkə xaricində yaşayan seçicilərin səsvermə prosesinə təsir imkanlarını məhdudlaşdırmağa yönəlib.
Rəsmi məlumatlara görə, 2024-cü il parlament seçkiləri zamanı Gürcüstanın hüdudlarından kənarda 60 seçki məntəqəsi fəaliyyət göstərib və həmin məntəqələrdə təxminən 34 min vətəndaş səs verib. Ölkə daxilində isə seçkilərdə iştirak edənlərin sayı iki milyondan çox olub.
Hazırda Gürcüstan parlamenti 150 deputatdan ibarətdir. Onlardan 89-u hakim “Gürcü Arzusu” partiyasını, 12-si isə “Gürcüstan naminə” müxalif partiyasını təmsil edir. Digər müxalifət partiyalarından olan 49 deputat isə 2024-cü ilin oktyabrında keçirilmiş seçkilərin saxtalaşdırıldığını iddia edərək mandatlarından imtina edib.